Bu günlərdə rayon Gənclər Mərkəzində “Narkomanlıq bəşəriyyət üçün böyük təhlükədir” mövzusunda tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil şöbəsinin işçiləri, məktəb direktorları və yuxarı sinif şagirdləri iştirak edirdilər.
Tədbiri rayon polis şöbəsinin rəisi polkovnik Rauf Məcidov açdı. Mövzu ilə bağlı geniş və ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.
Təəssüflər olsun ki, bu meyl günü-gündən artmaqdadır. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır.
Rayon prokuroru Azər Hətəmov, narkoloq həkim Rima Axundova, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, təhsil şöbəsinin psixoloqu Gülxar Abbasova rayonda narkomaniyaya qarşı mübarizə, görülən profilaktiki işlər barədə məlumat verdilər.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı, rayonumuzda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün görülən işlərdən ətraflı bəhs etdi.
Əvəz Nəsirov