Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel, vitse-kansler, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel, Alman – Azərbaycan Forumu İdarə Heyətinin sədri Hans-Eberhard Şlayer, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşündə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdi.
Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkel ilə görüşdə nüfuzlu Avropa dövlətlərindən olan Almaniya ilə respublikamızın sıx əməkdaşlıq etmək niyyətini açıq ifadə etmişdir: “Bu gün xanım Kanslerlə görüş bizə bir daha ikitərəfli gündəliyimizə daxil olan vacib məsələlər, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı verdi. Xanım Kanslerin qeyd etdiyi kimi, biz qarşılıqlı marağa və əhəmiyyətə malik olan bir çox sahələri müzakirə etdik. Əminəm ki, Almaniya – Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi. Biz bu münaqişənin beynəlxalq hüquq normalari və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyirik”.
Prezident İlham Əliyev Almaniyada keçirdiyi müxtəlif tədbirlərdə həmçinin Almaniya Bundestaqında Ermənistanla bağlı qətnamə qəbul edilməsi məsələsinə toxunmuş və Azərbaycanın daim qardaş Türkiyənin tərəfində olduğunu bildirmişdir.
“Yeni Tərtər”