İki gün davam edən tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb.
Qurultaydakı nitqində Prezident İlham Əliyev deyib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bir nöqtəyə vurmalı, birləşməlidirlər. Çünki birlik əsas məsələdir.
Dövlətimizin başçısı xaricdə yaşayan azərbaycanlıları ölkəmizə sərmayə qoymağa çağırıb. O qeyd edib ki, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir.
Prezident həmçinin qurultay iştirakçılarına müraciət edərək bildirib ki, Azərbaycan həqiqətlərinin dün-yaya çatdırılmasında diaspor təşkilatları daha fəal olmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev nitqində bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan bu il mayın 31-də Astanada Avrasiya İqtisadi İttifaqının Zirvə görüşündə çıxış edərkən dörd dəfə yalan danışıb. Sarkisyan bu yalanların səviyyəsinə görə “Ginnesin rekordlar kitabı”na düşə bilər və bu, belə də olacaq.
“Yeni Tərtər”