“Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Müharibə hər bir ölkə üçün fəlakət, faciə, iqtisadiyyatın zəifləməsi deməkdir. Ancaq müharibələr də bir-birindən fərqlidir. Xüsusən də cəbhə bölgəsində yaşayan insanlardan ötrü.
Tərtərlilər I Qarabağ müharibəsini yaxşı xatırlayırlar. Elə gün olmurdu ki, hansısa bir evə, ailəyə şəhid, yaxud yaralı gətirilməsin. Bununla yanaşı şəhər və kəndlərimiz müntəzəm atəşə tutulur, evlər dağıdılır, dinc insanlar, hətta qocalar və körpələr belə həlak olurdular. O zaman milli ordumuz hələ formalaşmamışdı. Xarici havadarlarının köməyi ilə təpədən dırnağadək silahlanmış düşmənin qarşısında yerli özünümüdafiə batalyonunun döyüşçüləri yalnız öz qəhrəmanlıqları, sonsuz vətən sevgisi hesabına dayanır və onları qarış-qarış Tərtərdən uzaqlaşdırırdılar.
İgid əsgərlərimizin şücaətinə baxmayaraq, mülki əhali arasında daimi olaraq ümidsizlik hissi hökm sürürdü. Dağlıq Qarabağın və ətraf 7 rayonun bir-birinin ardınca işğal edilməsi Tərtər üçün də real təhlükə idi.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ilk növbədə cəbhədə atəşkəsin elan edilməsinə nail olundu. Bununla da müstəqil ölkə kimi kövrək addımlarını atan Azərbaycan qüdrətli milli ordunun formalaşdırılması üçün vaxt qazandı, həm də bütün sahələr üzrə quruculuq işlərinə başlandı. Ölkə iqtisadiyyatı günü-gündən möhkəmləndi, Azərbaycan regionda lider dövlətə çevrildi.
Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək, ordu quruculuğuna diqqəti daha da artırdı və Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı və yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu yaradılmasına nail oldu.
I Qarabağ müharibəsi ilə aprel ayının əvvəlindəki 5 günlük müharibənin və bundan sonrakı hadisələrin fərqini təkcə ölkəmizin vətəndaşları deyil, bütün dünya ictimaiyyəti gördü. Bununla da Azərbaycan həm haqq işi uğrunda mübarizə apardığını, həm də ordu ilə əhalinin monolit birliyini, vətəndaşların ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiyini, öz Prezidentinə olan inam və məhəbbətini beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.
Ermənilərlə aparılan bu iki müharibənin fərqi nədəydi? Əlbəttə, ilk növbədə müasir ordumuzun gücündə, qüdrətin-də. Bu gücü hiss edən, onları hər cür erməni təxribatından müdafiə etməyə qadir olan bir ordunun qarşıda dayandığını bilən əhalidə artıq 90-cı illərin vahiməsi, “erməni xofu” yox idi. Hədsiz dərəcədə ruh yüksəkliyi, vətənpərvərlik uşaqdan tutmuş ağsaqqaladək hər kəsi elə tərpətmişdi ki, imkan olsaydı, əhali ordu ilə birlikdə döyüşlərə qatılaraq torpaqlarımızın azad olunmasında iştirak edərdi. Yenə də hərbçilərimiz, mülki əhali həlak olurdu, yenə də evlərimiz dağılırdı, məktəblər, uşaq bağçaları belə atəşə tutulurdu, bizə qarşı qadağan olunmuş zəhərli mərmilərdən istifadə edilirdi, ancaq bunların qarşısında heç kim (həmin günlərdə bütün dünya mediası birbaşa cəbhə bölgəsində hadisələrin gedişini izləyirdi) bizim əzildiyimizi görmədi. Hətta şəhidlərin ata və anaları öz ciyər- paralarının həlak olması xəbərini sonsuz bir qürurla qarşıladılar. Ona gorə ki, onların dərdi bir ailənin yox, vətənin, xalqın dərdi oldu, azad edilmiş torpaqların sevinci isə hər birimizin qəlbində yer aldı.
Bu birlik bizi çox güclü etdi və aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurası-nın iclasında Prezident İlham Əliyevin “Biz böyük hərbi qələbəni qazandıq” deməsi bunun təsdiqidir.
Dövlət başçısı Azərbaycan Ordusunun erməni təxribatına verdiyi cavabı yüksək qiymətləndirdi: “Ermənistan ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu”. İclas-dakı çıxışının sonunda Azərbaycan Prezidenti İlham Əliyev bir daha dedi: “Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkə-mizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur”.
Aprelin 2-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Tərtərin daha bir qəhrəman oğlu –gizir İskəndərov Nicat Bəhruz oğlu şəhid oldu. Nicat nişanlıydi. Yaxınlarda toyu olmalıydı. Bunun əvəzinə, yaxından-uzaqdan, tanıyanlar-tanımayanlar onun yas mərasiminə gəldilər. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunduğu “İgidliyə görə” medalı qəhrəmanın atası Bəhruz İskəndərova təqdim edilərkən o, dedi: “Oğul vətən üçündür. Şəhidlər ölməz, vətən bölünməz”.
“Aprel müharibəsi” zamanı erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunda 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib. 32 ev tamamilə dağıdılıb. 7 nəfər mülki şəxs yaralanıb, 3 nəfər isə dünyasını dəyişib. Onlardan 2-si məcburi köçkündür. Düşmən tərəfindən atılan ağır artilleriya mərmiləri məcburi köçkünlərin yaşadığı 52 evi dağıdıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadıqları ərazi-lərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Belə çətin günlərdə Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfəri, Er-mənistan ordusu tərəfindən iriçaplı silahlrar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərində zərər çəkmiş evlərin sakinləri ilə görüşməsi böyük razılıq hissi ilə qarşılanmışdır. Sonra dövlət başçısı və onun xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəlmiş, burada artilleriya zərbəsi nəti-cəsində evi dağılmış kənd sakini Abbas Abbasovun ailəsi və digər sakinlərlə görüşmüşdür. Prezidentə bildirilmişdir ki, kənddə 55 evə ziyan dəyib, onlardan 14-ü tamamilə dağılıb. Buna baxmayaraq, Qapanlı kəndinin camaatı öz ev-eşiyini tərk etməyib. Çünki öz Prezidentlərinə və Azərbaycan Ordusuna inanırlar. Əmindirlər ki, nankor qonşularımıza layiqli cavab veriləcək və onlar əməllərinə görə cəzalarını alacaqlar.
Prezident İlham Əliyevin Tərtər rayonunun sakinləri ilə görüşlərinin hər biri yaddaqalan və diqqətçəkən olmuşdur. Ancaq onun 80 yaşlı Maya nənə ilə əsl oğul məhəbbətilə görüşməsi bu səhnəni izləyənlərin xüsusilə xatirində qalıb. Maya nənə deyir ki, heç zaman ağlıma gəlməzdi ki, ölkə başçısı və onun xanımı gəlib bizimlə öz evimizdə söhbət edəcək, qayğılarımızla maraqlanacaq, bizə təskinlik verəcəklər. Allah onları qorusun!
Şəhid bacısı, Səhlabad kənd tam orta məktəbinin direktoru Validə Mahmudova isə söyləyir ki, Prezident və onun xanımı ilə görüşdən günlər ötsə də, o dəqiqələrin təəssüratı ilə yaşayır.
Aprel hadisələri xüsusilə keçmiş döyüşçüləri–veteranları hərəkətə gətirmişdir. Onların hər biri yenidən cəbhəyə getməyə, oz təcrübələrindən istifadə edərək hərbçilərimizə dəstək olmağa hazırdır.
Tərtər bütün tarixi boyu hələ heç zaman bu qədər xarici və yerli qonaqları qəbul etməmişdir. Rayona gəlmiş müxtəlif ölkələrin media təmsilçiləri, səfirləri, konsulları, BMT-nin nümayəndələri, xarici ölkələrin attaşeləri, deputatlar və digər nümayəndələr erməni vəhşiliklərinin şahidi olmaqla yanaşı, həm də yerli əhalinin qəhrəmanlığını, dəyanətini, dözümlülüyünü, öz Prezidentlərinə inamını görür və bunu heyranlıqla qəbul edirdilər.
Bu müharibədə ümumiyyətlə əhalinin səfərbərliyi çox güclü idi. Burada hansısa xüsusi bir göstəriş lazım deyildi. Biz bunu yaralılarımıza və şəhidlərimizə olan münasibətdə də gördük. Mərkəzi rayon xəstəxanasının tibb personalı və Tərtər Cümə Məscidinin dindarları ilə yanaşı könüllülər bu işdə yaxından iştirak edirdilər.
Evin sonbeşiyi, ailəsi Kəlbəcərdən məcburi köçkün düşmüş 16 yaşlı Turanə Həsənlinin faciəli surətdə həlak olması da tərtərliləri çox sarsıtdı. 2000 – ci il mayın 27- də anadan olan Turanə aprelin 5- də, atəşkəsdən cəmi bir saat əvvəl öz həyətlərinə mərmi düşməsi nəticəsində dünyasını dəyişmişdir. Ermənilərin həyata keçirdikləri soyqırım siyasətinin növbəti qurbanı olan bu gənc qız xatirələrdə həmişəlik ömrünün bahar çağında qalacaqdır.
Ermənilərin ağır artilleriya qurğularından açdıqları atəş nəticəsində Tərtərdə dağılmış evlər bu gün bərpa olunur. Dövlət başçısının imzaladığı sərəncamla bu məqsədlə rayona 3 milyon manat ayrılması əhali tərəfindən razılıq hissi ilə qarşılanıb. Onlar əmindirlər ki, illər uzunu böyük zəhmət hesabına tikdirdikləri evlər dövlətin qayğısı və köməyi nəticəsində əvvəlkindən də yaxşı olacaq.
Tərtərdə həyat öz axarı ilə davam edir. Tikinti-quruculuq işləri geniş vüsət alıb. Yeni su-kanalizasiya layihəsi böyük müvəffəqiyyətlə həyata keçirilir, yollar asfaltlanır, yeni subartezian quyuları qazılır. Kənd əməkçiləri bol taxıl, şəkər çuğunduru, pambıq becərmək həvəsi ilə işlərini davam etdirirlər.
Bir sözlə, mənfur qonşularımız öz çirkin niyyətlərinə nail ola bilmədilər və bilməyəcəklər də. Aprel ayında ermənilər tərəfindən törədilmiş təxribat nəinki bizi zəiflətdi, əksinə, ordunun bu təxribata verdiyi cavab xalqın döyüş ruhunu daha da yüksəltdi, qələbəyə inamını artırdı. Torpaqlarımızın bir hissəsi geri qaytarıldı.
28 may– Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. Mən bunu dəfələrlə demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır… Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq, təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazim gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin”.
Bu məsələnin tezliklə həll olunmasını hər bir Azərbaycan vətəndaşı gözləyir. Və hər kəs Qələbə Gününün yaxınlaşmasına öz köməyini göstərməyə çalışır. İstər cəbhədə, istərsə də öz iş yerində halal zəhməti ilə.
Svetlana Bağırova
(Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur).