“Tərtər rayonundakı 51 yaşayış məntəqəsindən 38-də əhali təbii qazdan istifadə edir. Kəbirli kəndinin qazlaşdırılması başa çatıb, bundan başqa daha 4 kənddə bu iş yekunlaşmaq üzrədir. Bu kəndlərdə də qazlaşma başa çatdıqdan sonra 15230 abonentə qaz verilmiş olur ki, bu da ümumi abonentlərin 92,7 faizidir”. Bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Kəbirli kəndinə qaz verilməsi münasibətilə keçirilən açılış mərasimində söyləmişdir.
Kəndlərdə sosial problemlərin həlli əhali tərəfindən böyük razılıqla qarşılanır. Bu barədə isə həmin tədbirdə iştirak edən Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə, kənd sakinləri Zakir Bayramov, Rafiq Səfərov, Aybəniz Məmmədova danışıblar.
Rayon rəhbəri həmçinin Kəbirli kəndində səyyar görüş-qəbul keçirib, əhalini narahat edən məsələləri öyrənib, bunların həlli üçün konkret tapşırıqlar verib. O bildirib ki, Respublika Prezidenti İıham Əliyevin Tərtərə və tərtərlilərə daimi qayğısı var. Burada insanların rahat yaşaması üçün bütün işlər görülür və bundan sonra da görüləcəkdir. Düşmənlərimizin törətdikləri bütün təxribatlara baxmayaraq, tərtərlilər, o cümlədən Kəbirli kəndinin sakinləri,ölkə rəhbərinin ətrafında sıx birləşərək, əkin-biçin işləri ilə məşğul olur, rayonun iqtisadiyyatını möhkəmləndirirlər.
Eyni zamanda rayonumuzun sakinləri böyük həvəslə dinc quruculuq-abadlıq işlərini həyata keçirir, şəhərimizin və kəndlərimizin simasını gözəlləşdirirlər. Bütün bunlar isə düşmənlərimizin gözünə ox kimi batır.
“Yeni Tərtər”