Hazırda ölkəmizin qarşısında duran başlıca vəzifələrdən biri qeyri neft sektorunun, o cümlədən aqrar sahənin sürətli inkişafıdır. Məlum olduğu kimi, kənd əməkçilərinin yetişdirdikləri məhsulun taleyi həm də melioratorların işindən asılıdır.
Cari ildə rayonumuzda 7922 hektar sahədə taxıl, 4281 hektarda arpa, bundan başqa bostan-tərəvəz məhsulları, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, yem bitkiləri əkilmişdir. 2000 hektar sahədə isə pambıq becərilməsi nəzərdə tutulub. Məlumdur ki, rayonun yeganə təbii su mənbəyi Tərtər çayıdır. Onun üzərində tikilmiş Sərsəng Su Anbarı işğal altındadır. Buna görə də kənd təsərrüfatı bitkilərinin suvarılmasında və əhalinin kommunal-məişət ehti-yaclarının ödənilməsində əsas ağırlıq subartezian quyularının üzərinə düşür.
İdarəmizin balansında 474 subartezian quyusu vardır və bunlardan 467-i işlək vəziyyətdədir. Bu quyuların 14 ədədi cari ilin birinci rübündə balansa götürülmüşdür. Həmçinin cari ildə 7 ədəd yeni subartezian quyusunun qazılması və 3 ədəd quyu lüləsinin vurulması nəzərdə tutulmuşdur. Rüb ərzində 17 milyon 042 min kubmetr su çıxarılmış və bunun üçün 6 milyon 710310 kvt/saat enerji sərf edilmişdir. Cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi təmin olunmuşdur. Rüb ərzində 9 ədəd yeni nasos salınmış və 22 ədəd yeni idarəetmə şiti quraşdırılmışdır. Rayonun Seydimli və Qaradağlı kəndlərində on illərlə işləməyən subartezian quyuları təmir olunub işə salınmışdır. Köçərli kəndində isə 1 ədəd subartezian quyusu yaxın günlərdə işə salınacaqdır. Son iki ildə subartezianlar vasitəsilə suvarılan sahə 9640 hektardan 15646 hektara çatmışdır.
İşdə nöqsanlar da var. Bu, ilk növbədə istifadə edilən suyun haqqının ödənilməməsidir. Belə ki, rüb ərzində istifadə edilən suya görə 14564 manata qarşı 3700 manat su pulu toplanması yolverilməzdir.
Ölkə vətəndaşlarının daha yaxşı yaşaması üçün hər kəs öz sahəsində vəzifəsinə məsuliyyətlə yanaşmalıdır. Iqtisadiyyatımız möhkəm olmalıdır ki, ölkəmiz də güclü və qüdrətli olsun.
Əli Əliyev,
rayon subartezian quyuları
istismarı idarəsinin rəisi