1941-1945-ci illər müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qələbə bayramı münasibətilə veteranları təbrik etdi. Rayon rəhbəri bildirdi ki, Böyük Vətən müharibəsi bəşər tarixində ən dəhşətli, qanlı və dağıdıcı müharibə olmuşdur. Bu müharibədə Sovet İttifaqı, alman faşizmi üzərində misilsiz qələbə çalmışdır.
Bütövlükdə 1418 gün davam edən Böyük Vətən müharibəsində o zamankı Sovet İttifaqının 20 milyondan çox insanı tələf olmuşdur. Respublikamızdan cəbhəyə getmiş, döyüşlərdə hünər göstərmiş 130 nəfər ən yüksək ada –Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərlə soydaşımız orden və medallara layiq görülmüşdür.
Böyük Vətən müharibəsi başlanarkən Azərbaycanda 416-cı Taqanroq, 223-cü Belqrad, 77-ci Simferopol diviziyaları təşkil olunmuşdur. Şəxsi heyətin əksəriyyəti azərbaycanlılardan ibarət olan bu diviziyalar Qafqaz dağlarından döyüşə-döyüşə Almaniyaya qədər gedib çıxmış və qələbənin qazanılmasına öz töhfələrini vermişlər.
Faşizm üzərində tarixi qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Bakı nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün həlledici amillərdən biri olmuşdur. Müharibə dövründə Sovet İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi.
Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizin də 2417 nəfər oğlu və qızı alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris ibadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidliklərə görə onlar orden və medallarla təltif olunmuşlar.
Tədbirdə Tərtər rayon Böyük Vətən müharibəsi, əmək, silahlı qüvvələr və hüquq-mühafizə veteranları təşkilatının sədri İman Almuradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər Rayon Şöbəsinin rəisi, polkovnik Ruslan Quliyev, Qarabağ müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov çıxış etdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov veteranlara qiymətli hədiyyələr təqdim etdi.
-
18May
Müəllif: Redaktor, 11:56
Teqlər: Milli-mənəvi dəyərlər