Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qiymətləndirmə missiyasının nümayəndələri Tərtər rayonunda
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin qiymətləndirmə missiyasının əməkdaşları–hüquq şöbəsinin müdiri Aleksandr Novikau, onun müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayev yerli hakimiyyət orqanları ilə görüşmək və təmas xəttində baş vermiş son atışmalar səbəbindən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə birbaşa məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər etmişlər.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə rayon rəhbəri bildirmişdir ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 km məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalmışdır. Nəticədə Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağılmışdır. 7 nəfər mülki şəxs yaralanmış, 2 nəfər məcburi köçkün–Ağdam rayonundan məcburi köçkün, 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu və Kəlbəcər rayonundan məcburi köçkün, 2000-ci il təvəllüdlü Həsənova Turanə Kamandar qızı dünyasını dəyişmişdir. Eyni zamanda Laçın rayonundan məcburi köçkün Əhmədov İsa Əli oğlu ağır yaralanmışdır. Ağdam rayonundan məcburi köçkün, 1963-cü il təvəllüdlü Rəhimov Cəlal Saday oğlu da ağır yaralanmış, gözünün birini itirmiş, ayağının birinin isə kəsilmə ehtimalı qalmaqdadır. Hal-hazırda hər iki yaralının Bakı şəhərində müalicəsi davam etdirilir. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin 51 evi dağılmış, 198 məcburi köçkün bir daha evsiz-eşiksiz qalmışdır. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəymişdir. Eyni zamanda məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatına da ciddi ziyan dəymişdir. Belə ki, payızlıq dənli bitkilərin suvarılmasında və yazlıq bitkilərin əkilməsində çətinlik yaranmışdır. Məc-buri köçkünlərin 46 baş iribuynuzlu, 157 baş xırdabuynuzlu heyvanları və 2430 ədəd ev quşları tələf olmuşdur. 100 hektarlarla əkin sahələri partlamayan hərbi sursatla çirklənmişdir. Hal-hazırda həmin ərazilərin partlamayan hərbi sursatlardan təmizlənməsi üçün ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilir. Bu günə kimi 241 partlayış nöqtəsinə baxış keçirilmiş, həmin ərazilərdən 49 ədəd partlamamış hərbi sursat və İncə çayı vasitəsi ilə düşmən tərəfindən axıdılan 2 ədəd piyada əleyhinə mina götürülərək zərərsizləşdirilmişdir.
Faktlardan göründüyü kimi erməni təxribatçıları Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarlara əməl etmir, mülki insanları, yaşayış məntəqələrimizi atəşə tuturlar.
Sonra nümayəndələr daha çox dağıntıya məruz qalmış Qapanlı kəndində olmuş, dağılmış evlərə baş çəkmiş, məcburi köçkünlər və yerli sakinlərlə görüşmüş, onların problemləri ilə maraqlanmışlar.