Tərtər (o zamankı Mirbəşir) Elektromexanika Zavodunun keçmiş kollektivi–əmək vete-ranları Ulu Öndərin anadan olmasının 93 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinə gəlmişlər. Veteranlar əvvəlcə Ümummilli Liderin mərkəzdəki büstü önünə gül qoymuş, sonra “dəyirmi masa” ətrafında söhbətlərini davam etdirmişlər.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açmışdır. Elektromexani-ka zavodunun keçmiş direktoru Rauf Həsənzadə Ulu Öndərlə bağlı xatirələrini danışmışdır. O göstərmişdir ki, vaxtilə rəhbərlik etdiyi müəssisə məhz Heydər Əliyevin yaxından köməkliyi və qayğısı nəticəsində nəinki Azərbaycanda, keçmiş SSRİ-də ən iri zavodlardan biri olmuşdur. Ulu Öndər dəfələrlə zavodun kollektivi ilə şəxsən görüşmüş, müəssisənin işinin daha da təkmilləşdirilməsi məqsədilə lazımi tədbirlər görmüşdür. O zaman zavodda min nəfərə yaxın tərtərli işləyirdi.
Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışan Rauf Həsənzadə göstərmişdir ki, Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanı xaos və anarxiyadan, parçalanmadan xilas etdi.
Tədbirdə zavodun keçmiş partiya komitəsinin katibi Maarif Orucov, YAP Tərtər Rayon Təşkilatının aparat rəhbəri Kamil Məmmədov çıxış edərək Heydər Əliyevlə bağlı ürək sözlərini bildirmişlər.
Sonra Rauf Həsənzadə öz şəxsi kitabxanasından Ulu Öndərlə bağlı 50 fotoşəkli, 11 kitabı və 8 jurnalı Heydər Əliyev Mərkəzinə hədiyyə etdi.
Sonda tədbir iştirakçıları Ulu Öndərlə bağlı qısametrajlı filmə tamaşa etdilər.
Əvəz Nəsirov