QADINLAR DÖVLƏTİMİZİN, DÖVLƏTÇİLİYİMİZİN, MÜSTƏQİLLİYİMİZİN, BUGÜNÜMÜZÜN,
GƏLƏCƏYİMİZİN DAYAĞIDIR
Dünya siyasət aləminin ən görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının Ümummilli Lideri, polad iradəli insan Heydər Əliyevi qadınlara qarşı xüsusi bir münasibət fərqləndirirdi–sonsuz qayğı, həssaslıq, mehribançılıq və məhəbbət. İstər öz ailəsinin üzvləri olsun, istərsə də hər bir Azərbaycan qadını–onlar Ulu Öndər üçün ən uca zirvədə dayanan insanlar idi. Ən ümdə məqsədlərindən birini də qadınların həyat şəraitinin daha da yaxşılaşdırılmasında görürdü. Çünki bu bir həqiqətdir ki, əgər qadın cəmiyyətdə qayğı və diqqətlə əhatə olunubsa, bu ölkədə böyüyən gənc nəsil də, bütövlükdə cəmiyyətin özü də xoşbəxt ola bilər.
Tərtərli qadınlar Ulu Öndərin hələ Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi zaman rayonumuza səfərlərini yaxşı xatırlayırlar. O, kolxozlarda olarkən pambıqçı qadınlarla görüşür, hər biri ilə ayrıca söhbət edir, onları narahat edən məsələləri öyrənir və dərhal həllinə nail olurdu. O dövrdə sürücü-mexanik işləyən Ofelya Səfərova Heydər Əliyevi mənəvi ata hesab edirdi. Bütün ömrü boyu bu səmimi münasibətin həyatını işıqlandırdığını söyləyirdi.
Vaxtının az olmasına baxmayaraq, Ulu Öndər Azərbaycan Qadın-larının I qurultayında cəbhə bölgəsi olan Tərtərdən gəlmiş qadınlarla görüşmüş, onları ruhlandırmış, bundan sonra da dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə çalışmağı tövsiyə etmişdir.
Heydər Əliyevin Azəbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra qadınların cəmiyyətdə ictimai-siyasi fəallığının artırılmasına, onların kişilərlə bərabər, çiyin-çiyinə müxtəlif sahələrdə çalışmalarına nail olundu. Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mənəviyyatımızın görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazası yaradılıb. Konstitusiyanın 25-ci maddəsində kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edimişdir.
Bundan sonra isə ölkəmizdə gender siyasətinin daha dolğun həyata keçirilməsi məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli qərarı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2000-ci ildə Ümummilli Lider tərəfindən imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman ölkə qadınlarının fəaliyyətinə yeni stimul verdi, onların səsi ən mötəbər tribunalardan gəlməyə başladı.
2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi və burada qadınlarla bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi öz əksini tapdı.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev cəmiyyətdə qadınların rolunun daim artırılmasını prioritet məsələlərdən biri hesab edir. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikində ölkə başçısı demişdir: “Ümidvaram ki, siz, Azərbaycan qadınları gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz”.
2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşmışdır.
Ölkəmizdə qadın hərəkatının formalaşmasında Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO -nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var.
***
Aprelin əvvəlində cəbhədə baş verən hadisələr bir daha qadınlarımızın dövlətçiliyə sədaqətini və onların böyütdükləri övladların vətənpərvərliyini nümayiş etdirdi.
Aprelin 4-də Tərtər şəhəri və onun kəndləri güclü artilleriya atəşinə tutulurdu. Buna baxmayaraq, rayon mədəniyyət evində keçirilən yığıncağa yüzlərlə tərtərli gəlmişdi. Yığıncaqda iştirak etmək istəyənlərin hamısını zal tutmadığına görə, çoxları geri qayıtmalı oldu. Zala göz gəzdirdim. Əksəriyyəti qadınlar idi. Keçirdiyimiz həyəcana, ağrı-acılara baxmayaraq, qadınlar qoşunlarımızın təmas xətti boyunca irəliləməsini illərlə gözlənilən qələbənin başlanğıcı kimi qəbul edirdilər.
Çıxış edənlər, o cümlədən də qadınlar–şəhid anaları, bacıları, gənc qızlar orduya öz köməklərini təklif edir, qəhrəman əsgərlərimizin şücaətini alqışlayırdılar.
Hələ heç vaxt insanlarda bu qədər ruh yüksəkliyi, bu cür birlik görməmişdim.
Sonrakı günlərdə də bunun şahidi olduq. Hətta övladları şəhid olan analar da bu xəbəri dəyanətlə qarşı-layaraq “Vətən sağ olsun!” dedilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva şəhid analarına, ömür-gün yoldaşlarına dəstək oldu, onların dərdini öz dərdi kimi qəbul etdi.
Tərtər şəhərində Müdafiə Nazir-liyinin Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdiyi “Hər anımız Vətən deyir!” adlı kütləvi hərbi şöhrət bayramı isə ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilməklə yanaşı, Azərbaycan qadınlarının dövlətimizə və dövlətçiliyimizə, müstəqilliyimizə, bu günümüzə və gələcəyimizə sədaqətinin təntənəsi ol-muşdur. Bu tədbirdə iştirak edən şəhid anaları söyləmişlər ki, bu gün səngərdə dayanan hər bir əsgər və zabiti öz övladı hesab edir, ordumuzun gücündən qürur duyurlar.
***
Onu da qeyd etmək istəyirəm ki, tərtərli qadınlar rayon icra hakimiyyətində, səhiyyədə, təhsildə, mədəniyyət sahələrində, kənd təsərrüfatının inkişafında layiqincə çalışmaqla yanaşı, gözəl övladlar tərbiyə edir, ailə ocağının qoruyucusu kimi fədakarlıq göstərirlər.
Bu gün Tərtər qadınlarının həyatı büsbütün cəbhə ilə bağlıdır. Bayramlarımızı hərbçilərlə birgə keçirir, “Açıq qapı” günlərində onların qonağı olur, hər anımızla qələbəyə ruhlandırmağa çalışırıq.
Cəmiyyətimizin bütün üzvləri kimi qadınlar da Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətini dəstəkləyirlər. İnanırıq ki, bu siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı daha da möhkəmlənəcək və işğal altında olan torpaqlarımız geri qayıdacaq.
Svetlana Bağırova