Rayon icra hakimiyyəti YAP rayon təşkilatı və mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Yığıncaqda rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, səhiyyə və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmışdır. Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov görkəmli alim və ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd etmişdir ki, o, 1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə onun cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda atasının qəbrinin yanında dəfn edilmişdir. Böyük alimin adı əbədiləşdirilmişdir. Bu gün Bakıda Göz Xəstəlikləri İinstitutu, Naxçıvan şəhər poliklinikası, Bakının Binəqədi rayonunun ərazisində istirahət parkı, Bakı və Naxçıvanda küçə onun adını daşıyır. Azərbaycan xalqı onun xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.
Tədbirdə rayon uşaq xəstəxanasının poliklinika şöbəsinin müdiri Zəhra Əliyeva, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, mərkəzi rayon xəstəxanasında həkim-oftalmoloq Lalə Rəhimli çıxış etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov görkəmli oftalmoloq-alim, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycana Prezident İlham Heydər oğlu Əliyev kimi layiqli övlad bəxş edən, bütün analara nümunə təcəssümü olan Zərifə xanım Əliyevanın tibb sahəsində əldə etdiyi xidmətlərindən danışmış, həkimlərimizə öz sənətlərini onun kimi sevməyi, insanların sağlamlığı keşiyində Zərifə xanım kimi dayanmağı tövsiyə etmişdir.
“Yeni Tərtər”