Kaş yolum düşəydi bu yaz dağlara,
Açan gül-çiçəyə qonaq olaydım.
Yaz dumanı süründükcə çəməndə,
Şehdə ayaqyalın gəzən olaydım.
Təzə yarpaq açmış o meşələrdə,
Kəkotu, qantəpər gül açan yerdə,
Qar selə döndükcə şah zirvələrdə
Tərtər çayı coşan yerdə olaydım.
Murovdağın sərin mehi vuraydı,
Mürgüləyib mən də meyxoş olaydım.
Bulaqların şırıltısı yoraydı,
Allahıma şükür eləyən olaydım.
Təzə açmış gül-çiçəyin içində
Gəzib dəstə bağlayaydım keçəndə.
Gətirib sevdiyim dilbər gözələ
O gül dəstəsini verən olaydım.