Tərtərdə çıxan rayon qəzeti yalnız mənim üçün deyil, ümumiyyətlə, Bakıda yaşayıb işləyən tərtərli ziyalılardan ötrü çox sevilən mətbuat orqanlarından biridir. Xüsusən yaxın keçmişimizdə–internet media və digər elektron vasitələr olmadığı dövrdə, rayonda baş verən hadisələr haqqında əsasən bu qəzetin səhifələrindən xəbər tuturduq.
1990-cı illərin sonunda və 2000-ci illərin əvvəllində qəzetin susması bütün tərtərlilər kimi bizi də narahat edirdi.
2006-cı il idi. Tərtərin baharını çox sevdiyim üçün, adətim üzrə bu fəsildə rayona gəldim və düzü, gözlərimə inanmadım. Şəhər başdan-başa yenidən tikilir, abadlaşırdı. Eşitdiyim şad xəbərlərdən biri də rayon qəzetinin fəaliyyətə başlaması oldu. Bu xəbər məndən ötrü xoş bir müjdə idi və ləngimədən qəzetin redaksiyasına gəldim. Tofiq Yusiflə – “Yeni Tərtər” qəzetinin baş redaktoru ilə tanışlığımız buradan başladı.
Elə ilk görüşümüzdən aydın oldu ki, o, əsl ziyalı, vətənpərvər, yurdunun tarixi keçmişinə, bu keçmişin araşdırılıb gələcək nəsillərə çatdırılmasına böyük maraq göstərən bir insandır.
Bundan sonra rayona hər gəlişimdə redaksiyaya gəlməyi, başda Tofiq müəllim olmaqla qəzetin bütün kollektivi ilə görüşməyi özümə borc bildim.
Məlum olduğu kimi bizim rayon qəzetinin 81 yaşı var. Amma onun “Yeni Tərtər” kimi 2015-ci ildən fəaliyyətə başlamasının əvvəlində istedadlı şair, publisist Tofiq Yusif dayanır və bir redaktor kimi bu sahədə onun böyük zəhməti danılmazdır.
Qeyd etmək istəyirəm ki, qəzetin qayəsini bütünlüklə vətənpərvərlik, dövlətçilik təşkil edir və bunlar məhz redaktorun müəyyən etdiyi istiqamətin bəhrəsidir.
Tofiq Yusifin qəzet yaradıcılığı insanı düşündürən, gəncləri tərbiyə edən, maarifləndirən, pis vərdişlərdən çəkinməyi tövsiyə edən bir publisistikadır. Bu yaradıcılığın məqsədə milli-mənəvi dəyərlərimizi sevdirmək, təbliğ etmək və yaşatmaqdır.
Bu günlərdə dostum və kiçik qardaşım hesab eydiyim Tofiq Yusif ömrünün 65-ci baharını qeyd edəcəkdir. 65 illik bu ömür yolunda əzablı və ağır günlər çox olsa da, saysız-hesabsız yaradıcılıq uğurlarının sevinci var. Bu uğurlar isə o deməkdir, Tofiq Yusif öz bədii və publisistik yaradıcılığı ilə həyatda silinməz izi olan insanlardan biridir.
Tofiq Yusifi 65 illik yubileyi, onun başçılıq etdiyi qəzetin kollektivini isə qəzetin ilk nüsxəsinin çapdan çıxmasının 81-ci ildönümü münasibətilə ürəkdən təbrik edir və yeni-yeni yaradıcılıq sevincləri arzulayıram.
Rasim Axundov,
texnika elmləri doktoru, professor