Müqtədir sənətkarımız Məhəmmədhüseyn Şəhriyar şeirlərindən birində gecənin bir məqəmında yalnız Tanrının və özünün oyaq olduğunu göstərərək ehtiramla deyirdi:
«Məndən aşağı bir kimsə yox, Ondandan da yuxarı»
Əlbəttə sevimli şairimiz təvazökarlıq edir. Tanrıya ən yaxın olan bəndələr peyğəmbərlər, onlardan sonra isə şairlərdir.
Bu baxımdan sıradan birisinin şair barədə söz demək cəsarətində bulunması qəribə görünür. Çünki şair barədə nə qədər yüksək sözlər desək də ancaq onun əl-ətəyinə yetmək olar. İllahda ki, şair Tofiq Yusif ola.
Tofiq Yusiflə qiyabi tanışlığım hardasa 1993-1994-cü illərdə olub. Bir qərib gecədə təsadüfən əlimə bir kitab keçdi. Kitabdakı şeirlər məni heyrətə saldı. Sabitqədəm, yaradıcılıq zirvəsində qərar tutmuş bir şair həyatdan vaxtsız getmiş qardaşını ağlayırdı. Şeirlər o qədər təbii, o qədər səmimi, ana laylası tək elə rəvan və həzin idi ki, mən şairin naləsini eşidir, onun almaz tək göz yaşlarını görür, qəlbinin göynərtilərini fiziki olaraq hiss edirdim.
Təəccübümün həddi-hüdudu yox idi. Doğurdanmı Tərtərdə belə bir şair var? Mən niyə indiyədək onu tanımamışam, yaxud barəsində heç kimdən eşitməmişəm?!
Ona bir məktub yazmağı qərarlaşdırdım, lakin sonra nədənsə bu alınmadı.
Həyatın və yaradıcılığının vurğunu olduğum Səməd Vurğunun anadan olmasının 100 illiyinə «Demə Səməd Aurğun gəldi-gedərdi…» adlı bir yazı hazırladım. Sonradan onu «Yeni Tərtər» qəzetinə apardım, Tofiq müəllimə təqdim etdim. Bəyəndi. Bizim ilk tanışlığımız belə başladı.
Onu get-gedə daha yaxından tanıdım, yaradıcılığına daha dərin nüfuz etdim. Tanıdıqca şəxsiyyətinin böyüklüyünü, istedadının nadirliyini daha dərindən dərk etdim. Yenə belə gözəl bir şairin niyə məhşur olmamsı sualı çıxdı qarşıma. Və kəndimin də daxil olduğu Kəlbəcər ədəbi mühiti gəldi gözlərimin önünə: orda sənətkara (şairə və aşığa) böyük el ehtiramı var; onu sevir, ilahiləşdirir, əfsanələşdirir, adını şairanə əhvalat və rəvayətlərlə süsləyirlər.
Tofiq müəllimi isə sanki görməməyə, etiraf etməməyə çalışırlar gördüm.
Ey insanlar, «sağlığında qiymət verin insanlara». «yoxsa şairləri qocaltmağa nə var ki?». Yaxud Məmməd Araz demişkən: «Birindən soruşdum şairəmmi mən?»
Bu məqamda televiziya kanallarına da gileyimi bildirdim. Necə oldu ki, Tofiq Yusif boyda bir şair bircə dəfə də «Ovqat»dan, «Sovqat»dan dəvət edilmədi ki, xalq öz şairini görsün, tanısın. Halbu ki, adamlar var ki, həmin verilişlərə təkrar-təkrar çağırılıb. Axı, hamı Vahid Əziz deyil ki, hər dəfə maraqlı olmağı bacarsın.
Sevirəm payızı. Sevirəm bar-bəhərini səxavətlə ortaya qoyan, xəzanın ağuşuna atılıb ehtiramla solub gedən təbiəti. Sevirəm qızıl payızın niskilli vida təbəssümünü («payız günəşitək əzizsən mənə, payız günəşitək etibarsızsan»). Sevirəm payız buludlarının dərdlərimi cücərdib zəmiyə çevirən göz yaşlarını. Duyurdum ki, özüm də ömrün payızındayam (mənə elə gəlirdi ki, «ömrün payızı» ifadəsini birinci mən tapmıışam). 2007-ci ildə Tofiq Yusifin «Ömrümün payızı» adlı kitab çıxdı. Bu, sözün tam anlamında əsl bestseller idi. Kitabın adı mənə anlatdı ki, ömrün payızını hər duyan kəs keçirir.
Müəllif ön sözdə özünə xas təvazökarlıqla yazırdı: «Mənəvi dünyamın nəyi varsa, bu kitabda yazılanlardır, ayrı varım-yoxum yoxdur. Nəyəmsə, kiməmsə, buyam».
Eh, Tofiq müəllim, ta bu qədər də yox də… bizim maddi dünyamızın harasından yola düşsən axırda gəlib elə həmin nöqtəyə çıxırsan. Sənin mənəvi dünyan isə bitib tükənməyən ,hüdudsuz bir kainat ,hər şerin sirli bir planetdi.Siz ayrı heçnə yazmasaydınız belə nəfis tərtibatlı bu poeziya inciləri xəzinəsi-«Ömrümün payızı» Sizi klassiklər sırasına çıxarmağa bəs idi.
«Ömrümün payızı»nda çox geniş tematikada poetik nümunələr sərgilənib. Şair ürəyində dağlar kimi sıralanan, başı alov dillərinə bənzəyən bəşəri dərdlərlə (dünyanın dərdlərini şairlər çəkir) və yenə həmin ürəkdə alovlanan, dilləri dağ zirvələrini xatırladan, hərarəti ilə həyat yaradan eşq atəşinin dialektik vəhdətindən doğulur şeir. Sinəsində bu odlu kürəni – batını günəşi gəzdirən şairə isə dili və barmaqları pörşələnə-pörşələnə bu şeirləri köçürmək qalır.
Məhz Belə yaranıb Tofiq Yusif şeirləri.
Onun şeirlərindən seçim etmək istədim. Bunun zər içindən zər seçmək kimi çətin bir iş olduğunu gördüm.
Tofiq Yusifin təbiət şeirləri təbiətin özü qədər gözəldir. O, təbiətin bilicisi, munisi və vurğunudur. Təbiət şeirlərində şairin qələmi qüdrətli bir rəssam fırçasına çevrilir, zəngin palitralı əsrarəngiz təsviri sənət nümunələri yaradır. Bu tematikada şeirimizin şah mövzusu olan dağlarla yanaşı qədrini indii-indi bilməyə başladığımız meşələrimizin də şairin diqqətində olması xoş bir razılıq hissi yaradır. Bu səpkidən olan «Meşənin payızı», «Ocaq», «Dəlidağ», «Xəzələ od vurur qoca bir qarı», «O dağlar yuxumdan çıxmır gecələr», «Darıxmışam», «Dərələr», «Bahar sevgisi» kimi şeirlərin hər biri bitkin bir tablodur. «Payızla qış arasında» adlı şeir isə həyatın özü qədər dərin fəlsəfəsi olan möhtəşəm bir pannodur.
Şairin lirikası «uca göylərin mehrabı»ndan qaynaqlanır, anaya, vətənə, gözələ və gözəlliyə, ümumilikdə «huma quşu»na ünvanlanır. Şairin lirik şeirlərində işıqlı bir dərd (şair, yəqin gecələr bu dərdlərin işığında yazır) var və sonsuz bir sevgi ilə süslənib.
Şairin «Bu sevdam», «Gözüm görə-görə», «Onda billəcəksən yaşamaq nədir», «Ömrümün payızı», «Qəbrimdən məhəbbət göyərəcəkdir», «Əlvida», «Oğlum Araza», «Nə fayda», «Göynəm», «Yadigar», «Qardaş, heeeyyy», «Anam köçdü», «Şairləri qocaltmağa nə var ki?», «Getdi» (M. Arazın ölümünə) adlı şeirlərini həyəcansız oxumaq mümkün deyil. Bu şeirlərdə bir Məmməd Araz – Tofiq Yusif səsləşməsi var.
Bu əsl heyrət poeziyasıdır. Və mən onun haqqında fikrimi yox,yalnız heyrətimi izhar etmək iqtidarındayam.
«Güştü» şeiri ifallı bir bəndənin ixtiyarsız bir üsyanıdır.
Poemalar gözəldir.
«Dərdlərimiz» başlığı altında verilmiş şeirlərdən Tofiq Yusifin əzəmətli şair-vətəndaş obrazı canlanır («Sən şair olmaya bilərsən, vətəndaş olmağa isə borclusan»). Şair burada vətəndaş mövqeyini nümayiş etdirir, çəkinmədən, konyuktura gözləmədən bizi fəlakətə sürükləyən eyib və nöqsanlarımızı cəsarətlə satira atəşinə tutur (cəsarətlilik, sözü üzə şax demək, haqsızlığa qarşı susmamaq, ədalətsizliklə barışmamaq Tofiq Yusif ziyalılığını formalaşdıran mental xüsusiyyətlərdəndir).
Bu şeirləri oxuyarkən Qobustan qayalarındakı rəsmlər nəzərimə gəlir, sanki bir dəstə qüdrət sahibi zaman və məkan ölçülərini sındıraraq üfüq boyu qalxıb yüksəlir, qol-qola tutaraq qüdrətli bir dəstə yaradır: Nəsimi – Seyid Əzim Şirvani – Mirzə Ələkbər Sabir – Məhəmməd Hadi – Cəlil Məmmədquluzadə – Tofiq Yusif.
Şairliyi bir boy da ucaltmış Məmməd Araz yazırdı:
Mən Arazda şaxələnmiş çinardım,
Ömür boyu külək əydim, su yardım…
Ömrü boyu külək əyib su yaran bu mübariz şairin məsləkdaşı, mənəvi varisi və pərəstişkarı olan digər bir şair yazır:
Dünya neyləyəcək Məmməd Arazsız?
Əcəl bir dünyanı apardı, getdi.
Şerin fəsilləri qalacaq yazsız,
Ömrü çiçək dolu qatardı, getdi.
Başında o tayın havası vardı,
Burxulmuş baxtıynan qovğası vardı.
Bu «əyri» dünyaynan davası vardı,
Araza baş qoyub yatardı, Getdi.
Zaman götürmüşdü onu zamına,
Dili bal qatırdı şerin tamına.
Yetişdi ilahi söz məqamına,
Əlləri Tanrıya çatardı, getdi.
…Ağrıdır asılan gecələrimdən,
Gözüm yox dünyanı daha görüm mən.
Şair sovulmuşdu Əli Kərimnən,
Məmməd Araznan da qurtardı, getdi.
Arazdakı çinarın dos-doğmaca bir qardaşı da Qarabağda şaxələnib. Və eyni mərdanəlik və dəyanətlə həyatın sərt tufanlarına, ağır imtahanlarına sinə gərir, tab gətirir. Bu çinarın ürəyində vətənin özü boyda parçalanmış vətən dərdi, iki Araz və iki Yusif dərdi ilə bahəm bəşəri dərdlər qərarlaşıb. Bu nəğməli çinarın («ildırım vurmuş ağaclar oxuyur») kölgəsində büllur bir bulaq çağlayır. Bugünü sabaha daşıyan bulaq.
«Tofiq Yusif bulağı»ndan su için, ey insanlar!
Aydınlaşın ki, aydınlıq olsun!
Dədə Qorqud yaşıdı, gələcəyin şairi Tofiq Yusif, 65 yaşın mübarək!
Gələcəyə bizdən də salam aparın.
İmza: özü ola bilməyən
Zabil Süleymanoğlu
21.02 09.03.2015