Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Apr

    AĞILLI OLMAĞIN VAXTI DEYİLMİ?

    nature-spring-flowers-landscapes-trees-sky-landscape-background-imagesimg1368814Dünya gözəl dünyadır. Onu bərbad edən biz insanlarıq.
    Bir körpə qığıltısı bu dünyanın laylasıdır. Bir uşaq gülüşü bu dünyaya saçılan Günəş işığıdır. Bir insan ömrü bu dünyanın ən dəyərli zinətidir.
    Varlığın fəlsəfəsi olumla ölümün arasındadır və bu, ən qısa zaman kəsiyidir. Ömür deyilən bir kirpik çalımı həyat yoludur. Allahın payı hesab edənlər gərək onu elə yaşasınlar ki, sonradan dizlərinə döyüb heyifslənməsinlər. Azərbaycanın azman şairi Bəxtiyar Vahabzadə demişdi:
    Yaşamaq yanmaqdır, yanasan gərək,
    Həyatın mənası yalnız ondadır.
    Və yaxud:
    Bir ömrü illərlə ölçmək düz deyil,
    Ömürlə illəri ölçəsən gərək.
    Belə yaşamaq üçün isə sakit və rahat dünya lazımdır. Amma… Dünyanı qurub gözəlləşdirən də biz, vurub dağıdan da biz. İnsan xisləti niyə belədir? Onun daxilindəki bu dağıntılıq, parçalamaq hərisliyi, bu yırtıcılıq, bu tamah, bu acgözlük sindromları haradandır belə? Bəlkə bu, genetik məsələdir, bir ucu gedib əcdadlarımıza çıxır?
    Müasir dünyanın mənzərəsini göz önünə gətirin. Öz aramızdır, cibimizdən bir manat salıb itirəndə, bir neçə gün özümüzə gələ bilmirik. Görün dünyada nələr itir, nələr yerlə-yeksan olur?!
    Nə qədər qan-qada, ölüm!… Elə bil beyinlər manqurtlaşıb. Dünya varidatının 90%-dən çoxunu öz əllərində birləşdirən külliixtiyar sahibləri ta indi nə istəyirlər? Dünyanı yenidən bölməkmi? “Süleymana qalmayan dünya ki-mə qalacaq?.” Deyək ki, bu dünyanı bütövcə götürüb verdilər Barak Obamaya və yaxud İŞİD-in lideri Əbubəkir Əl Bağdaniyə. Görəsən neynəyəcəklər onlar bu dünyanı? Yeyəcəklərmi? Ayrı hansı məqsədlə yaşadığımız Yer kürəsini ağlar günə qoyacaqlar? Sələflərinin “Parçala, hökmranlıq et!” miras qoyduqları vəsiyyəti özlərinə əqidə yolu hesab edərək, insanların qanını yenə axıtmaqdan həzz alacaqlar, eləmi?. Başa düş-mürlər ki, bu bədbəxtlərin uzağı 20-30 il ömürləri qalıb, sonra qara torpaq altında hamı kimi cürüyəcəklər.
    Ağıllı dövlət rəhbərləri öz xalqını müharibələrə yox, sülh, əminamanlıq yolu ilə səadətə qovuşdurublar. Digər dövlətlərlə dostluq, qardaşlıq şəraitində yaşayıb, öz xalqına firəvan həyat bəxş etmək mümkündürsə, bu qırğınlar, bu qətllər, bu dəhşətlər nəyə lazımdır?! Həqiqətən də, mən başa düşə bilmirəm ki, insan qanına yerikləmiş manyak insanlarda bu vampirlik xisləti nəyin məntiqi nəticəsidir?!
    Bir uşaq sahibi olmaqdan ötrü “dodağı çatlayan”, “burnunun ucu göynəyən”, illərlə çalışıb-çarpışan, hər əzaba dözən, varını-yoxu-nu bu yolda sərf edən, amma istəyinə çata bilməyən, arzusu gözlərində qalan, buna görə də ömürlük həsrətə məhkum olan, məşəqqət və sitəm çəkən ailələr tanıyıram. Digər tərəfdə isə nə qədər məsum körpələri qırıb-çapırlar, “of!” demədən öldürürlər, azyaşlı uşaqlara özlərindən böyük silahlarla öldürmək təlimləri keçirlər, onların varlıqlarına ölmək, baş kəsmək, əzab vermək xarakterləri hopdururlar. Sonra onlardan “canlı bomba” hazırlayıb kamukadze kimi istifadə edirlər, bunlar da uşaq ikən təkcə özlərinin yox, özgələrinin də qanına bais olurlar.
    Göydən, yerdən, sudan, hər tərəfdən indi qan yağır. Əvvəllər ölüm müharibələri daha çox dinlər arasında olurdu. Xristian, islam… İndi isə dünyanı elə hala salıblar ki, yalnız müsəlman müsəlmanı qırır. Öz qardaşının başını kəsməyini müsəlman özünə fəxr bilir, hələ bu əzazilliyini dünyaya nümayiş etdirməkdən də zövq alır.
    Bombaları, raketləri dinc sakinlərin–körpələrin, qadınların, qocaların üstünə yağdırırlar, onları qanlarına qəltan edirlər. “Günahsız körpələri niyə öldürürsünüz? Axı, onlar bu dünyanın gözəlliyidir!” deyən bir ölkə, bir padşah isə yoxdur. Sanki böyüklərin bütün suclarını bu körpə fidanlar törədiblər. Bir körpəyə güllə atan öz Allahına güllə atır. Bu hesabdan görün erməni vəhşiləri Allah qarşısında nə qədər böyük günah işlədiblər, uşaqdan-böyüyə nə qədər azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetiriblər.
    Bax onda gərək dünya birliyi er-məni terrorizminə və erməni vandalizminə qarşı ayağa qalxaydılar, BMT-nin dörd məlum qətnaməsinin yerinə yetirilməsinə nail olaydılar. Eləmədilər. İndi də öz başlarına gəlir.
    Multikultural dəyərlər bütün ölkələrdə eyni qayğı ilə qorunarsa, heç bir yerdə müharibə, terrorizm, vandalizm və separatizm halları olmaz. Azərbaycan multikulturalizm müstəvisində hazırda bir model ölkədir. O, öz nümunəsini beynəlxalq arenada təqdim edir və baxıb görürlər ki, əslində bundan yaxşısı yoxdur. Nə olsun ki, ikili standartlar və fərqli bucaqlardan baxışlar bəzən bunu görməyi qəsdən namümkün edir. Amma reallıq reaıllıqdır.
    Bəli, terrorizmin vətəni yoxdur, terrorçunun namusu, şərəfi, qeyrəti, bir sözlə, ürəyi olmaz. O, quduzlaşmış vəhşi insandır, dişi canavar kimi həmişə qana yerikliyir.
    Terrorçuluqla mübarizə aparmaq isə yalnız silahla mümkün deyil. Bu gün dünya beynəlxalq terrorizmlə üz-üzə dayanıb. Onun isə nə vaxt, harda üzə çıxacağı məlum deyil. Terrorizmlə əsas ideoloji müharibə aparılmalıdır, hamı birlikdə. Yoxsa dünya bundan da betər günə qalacaq.
    Hazırda terrorizmin nəticələri ilə mübarizə aparırlar. Bunun heç bir xeyri yoxdur. Terrorizmi bombalamaqla heç nəyə nail olmaq olmaz. Terrorizm həm də ideoloji müharibədir. Onun səbəbi ilə mübarizə aparmaq lazımdır, nəticəsi ilə yox.
    Yaxın Şərqi – müsəlman ölkələrini bürüyən sonsuz və dəhşətli müharibələr indiki dünyanın “qara üzüdür” və “yaman yarasıdır”. Bunların nəticəsində görün nə qədər qaçqın, köçkün və didərgin fırtınası yaranıb. Canlarını ölümdən götürüb qaçan ailələr, körpələr, qadınlar, qocalar özlərinə yaşamaq üçün yer tapa bilmirlər. Bu qırğınları törədənlər, onların baiskarları indi də sərhədləri onların – miqrantların üzlərinə bağlayırlar, onları ölümlə əlbəyaxada qoyurlar, günahları biri-birilərinin üzərlərinə atırlar. Halbuki elə hamısı günahkardı.
    Dənizlərdə nə qədər boğulub ölənlər, acından nə qədər həlak olanlar, soyuqdan nə qədər donub həyatları ilə vidalaşanlar oldu!!! (Dənizdə boğulub, meyitini dalğaların sahilə atdığı məsum bir körpənin televiziya ekranlarından göstərilən şəkili gözlərimin önündən hələ də getmir, məni yaman göynədir). Miqrant axınını yaradanlar təbii ki, terrorist axınına da şərait yaradırlar və nəticədə “çanaq yenə də onların öz başlarında sınır”. Fransada, Belçikada, Pakistanda, hazırda Tükiyədə və başqa-başqa yerlərdə həyata keçirilən qanlı terror hadisələrindən sabah hansı bir ölkə sığortalanıb ki?!
    Qəribədir, Fransada baş verən terror hadisələri bütün dünyanı ayağa qaldırır, qardaş Türkiyədə hər gün baş verən qanlı terrorlara dünya birliyi əhəmiyyət vermir. Azərbaycanı 20 ildən çox bir müddət ərzində bürüyən 1 milyondan çox qaçqın-köçkün dalğası Qərb ölkələrinin heç birini narahat etmir, amma o ölkələrə pənah gətirən didərginlərin üzlərinə qapılar bağlanır. Belə ikili və iyrənc münasibət olar?!
    Erməninin işğal etdiyi bütün Azərbaycan torpaqlarında beynəlxalq cinayətlərə yol açılır, heç kim dinmir, Azərbaycan tərəfi öz haqqını tələb etsə də hamı onu günahkar sayır. Bax, bu dünyanın sağalmaz dərdi budur!
    Atalar deyib: “Su sənəyi suda sınar”. Hansı ölkənin barmağı bu müharibələrdə varsa, gec-tez öz başına gələcək.
    Dinlərimiz müxtəlif olsa da, hamımız Allahın bəndələriyik. Hamımız da insan kimi sakit və mənalı yaşamaq istəyirik. Məgər hər şey insan amili üçün deyilmi? Bu isə bizim əlimizdədir. Ayrı qalaktikadan gəlib, bizim Yer kürəmizdə fitnə-fəsad törətmirlər. Nə edirik, özümüz özümüzə edirik. Ağıllı olmağın vaxtı deyilmi?

    Tofiq Yusif

    Müəllif: Redaktor, 14:04

    Teqlər:

İsmarıclar bağlıdır.