QƏLƏBƏ MÜJDƏSİ İLƏ QARŞILADIQ
Aprelin 2-də erməni silahlı qüvvələrinin başladığı hücum əməliyyatları Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Ermənilər cəsur əsgərlərimizin əkszərbələri qarşısında tab gətirməyərək geri çəkilməyə məcbur oldular. Bir neçə mühüm strateji yüksəklik ordumuzun nəzarəti altına keçdi.
Belə bir vəziyyətdə ordu ilə yanaşı media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdü. Tərtər hələ heç zaman bu qədər jurnalist ordusunu qəbul etməmişdir. Bunların arasında yerli KİV-lərin nümayəndələri ilə yanaşı, xarici xəbər agentliklərinin də təmsilçiləri çox idi.
Əlbəttə ki, rayon qəzeti olaraq kollektivimiz də bu günlərdə üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışdı. Foto-müxbirimiz Kənan Hüseynzadə gecə-gündüz ən qaynar nöqtələrdə oldu, onun çəkdiyi şəkillər öz qəzetimizlə yanaşı müxtəlif mətbuat orqanlarında dərc edildi.
Qəzetimizin ilk nömrəsinin çapdan çıxmasının 82 illiyini beləcə qarşıladıq. Bu ildönümü ilə yanaşı Böyük Qələbəmizin başlanğıcını ruh yüksəkliyi ilə qeyd etdik. Xalqla ordumuzun möhkəm birliyinin, bir-birinə arxa-dayaq durduğunun şahidi olduq.
Torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə yenə də şəhid verdik. Qəhrəman oğullarımız sinələrini sipər edərək erməni təxribatına layiqli cavab verdilər, həm də düşməni işğal etdikləri ərazilərdəki mövqelərdən bir qədər uzaqlaşdırdılar.
Bu gün yaşadıqlarımız sabah tarixə çevriləcək. Bu tarixin isə olduğu kimi xalqa çatdırılmasında qəhrəman Tərtərin qəzeti olaraq biz də öz üzərimizə düşən işi görəcəyik.
“Yeni Tərtər”