Bu günü hamı səbirsizliklə gözləyirdi. Nəhayət, sönmüş ümidlər alovlanmağa başladı. 20 ildən artıq gözlənilən məqam yetişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş baş verdi.
Hadisələrin əvvəlində növbəti erməni təxribatı dayanırdı. Dönüşü isə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli Silahlı Qüvvələri yaratdı. Prezidentimiz bu barədə belə dedi: “Azərbaycan Ordusu işğalçıya sarsıdıcı zərbə vurdu”. Bu zərbələr nəticəsində Azərbaycan əsgərinin ayağı düşmən tapdağı altında qalmış torpağımıza dəydi, 20 ildən artıq bir müddətdə girovluqda olan qəbristanlığımızda Quran surələri oxundu və o yerlərə “Qarabağ şikəstəsi” yayıldı.
Ordumuzun həyata kecirdiyi əməliyyatlar nəticəsində düşmən öz mövqelərini, silah və sursatlarını ataraq qaçmağa məcbur oldu.
Bir neçə gün davam edən müharibə xalqımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini, ordu ilə əhalinin sarsılmazlığını nümayiş etdirdi. Hamı orduya öz köməyini göstərməyə çalışır, hamı bir-birinə dəstək olur.
Heç bir müharibə qansız-qadasız ötüşmür. Bu günlərdə biz yenə şəhid verdik. Ataların bu xəbəri necə qürurla qarşılamasının, “Vətən sağ olsun!” deyərək üçrəngli bayrağı başı üzərinə qaldırmasının, anaların, bacıların göz yaşının şahidi olduq.
Şəhid ailələrinin qapısına insan axınının ardı-arası kəsilmir. Yaxından, uzaqdan, tanıyanlar, tanımayanlar igid oğulların valideynlərinə Allahdan səbr diləyirlər. “Vətən bölünməz, şəhidlər ölməz!” ifadəsi indi gənclərimizin dilinin əzbəri olub. Tək gənclər arasında deyil, bütün xalq arasında böyük ruh yüksəkliyi var. Insanlar torpaqlarımızın düşmən tapdağından azad olunacağı günü səbrsizliklə gözləyirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik. Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik, istəyimiz odur ki, məsələ həllini tapsın”.
Qarşıda duran növbəti vəzifələrdən danışan ölkə başçısı ordu quruculuğuna daha böyük diqqət göstərilməsinin vacibliyini qeyd etmişdir. O demişdir: “Son illər ərzində bu istiqamətdə çox böyük addımlar atılmışdır, böyük işlər görülmüşdür. Ordumuzun maddi-texniki bazası möhkəmlənmişdir. Bu gün Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda, döyüş qabiliyyəti baxımından güclü ordular sırasındadır”.
Xalqımız Azərbaycan Prezidentinin ətrafinda six birləşərək, qarşıda duran bütün vəzifələrin yerinə yeti- rilməsində fəallıq göstərir. Müharibə gedən dövlətin iqtisadiyyatı güclü, ordusu möhkəm olmalıdır. Buna görə rayonumuzda əmək ritmi bir an belə zəifləmir. Hər kəs öz sahəsində üzərinə düşən işi ikiqat həvəslə yerinə yetirməyə çalışır.
“Yeni Tərtər”