Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Apr

    Quliyev İnqilab cingiz ogluBu dəfə rəşadətli ordumuz elə ilk andan mənfur ermənilərin gözlərini qırdı, onları silahları, texnikanı qoyub qaçmağa məcbur etdi. Doğrudur, itkisiz müharibə yoxdur. Şəhidlərimiz oldu…
    Belə şəhidlərimizdən biri də Milli Ordumuzun zabiti, kapitan İnqilab Çingiz oğlu Quliyevdir. İnqilab əslən tərtərli olsa da, Gəncə şəhərində yaşayırdı. O, C.Naxçıvanski adına hərbi liseyi, Bakı Ali Hərbi Akademiyasını bitirmişdi, Türkiyədə zenit qurğularının dilini öyrənmək üçün hərbi təhsil almış –artilleriya kursu keçmişdi. Demək olar ki, ömrünün 20 ilini məhz hərbi xidmətə sərf etmişdi. Qərargahda əməliyyat bölməsinin komandir müavini vəzifəsində çalışırdı, daim əsgərlərin yanında olurdu. Ara qarışanda top komandiri təyin edilmişdi. Gözəl döyüş xəritəsi çəkməyi bacarırdı. Bu səmimi sözləri şəhid zabitimizin dayısı Ədalət danışdı. Onu da bildirdi ki, İnqilabın uşaqlıqdan arzusu hərbçi olmaq idi.  Bu istəyini reallaşdırmaq üçün çox çətinliklər , əzab-əziyyətlər çəkmişdi. Çox cəngavər oğlandı. Sağlam cüssəli, ağıllı bir hərbçi idi. Üzərinə düşən işi ləyaqətlə yerinə yetirməyə çalışırdı. “Tərtərin hər qarışı mənim üçün əzizdir”, – deyirdi. Təmas xəttində vəziyyətin gərginləşməsini zəng edərək bildirdi. Amma onu da dedi ki, dayı, heç narahat olma, erməni bizə heç nə eliyə bilməz, onları yerlərində oturtmağa qadir ordumuz var, düşməni darmadağın edəcəyik. Elə də olmuşdu. Mənə zəng edərək: “Narahat olma, erməniləri darmadağın etdik!”–söylədi.
    Şəhid İnqilab Quliyev aprelin 2-də dayısıgildə doğmaları ilə görüşüb, ailəsi ilə telefonla danışıb. Həyat yoldaşı Laləyə, 4 yaşlı oğlu Hüseynə gələcəyini bildirib. Inqilab gələcəyəm deyəndə bəlkə də düşünməyib ki, bu son görüş ola bilər. Heç ağlına da gəlməzdi ki, düşmən gülləsi onun həyatını susdurar. Cəsur döyüşçünün bir məqsədi varıydı: Nə olursa-olsun, torpaqlarımız işğaldan azad olunmalıdır! Talış yüksəkliyinin geri alınmasında düşmənin 2 tankının vurulması, 10 tankımızın xilas edilməsi, erməni qərargahının dağıdılması ona qürur verirdi. Fəxr edirdi ki, torpaqların azad edilməsində bir top komandiri kimi onun da zəhməti var. Axırıncı döyüş zamanı pilotsuz qurğunun onlara tərəf uçduğunu görür və onu atəşlə sıradan çıxarır. Yanına düşmüş qəlpəni yanındakı yoldaşına göstərərək: “Bu ki məni öldürmədi, deməli, ölməyəcəm” – deyir.
    ..Təəssüf ki, cəsur döyüşçü, Milli Ordumuzun zabiti, kapitan, 2 oğul atası, nümunəvi ailə başçısı İnqilab Quliyev erməni təxribatçılarının atdığı “Qrad” raketinin qəlpəsindən şəhid oldu!. Şəhidin dəfnində oğlu Hüseyn atasının şəklini göstərərək: “Atam əsgər paltarı geyinən Vətəndir” söyləmişdir. Bu, həqiqətən də belədir. Əgər belə olmasaydı, şəhidlərin qanı torpağa qarışmazdı.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 14:16

    Teqlər:

İsmarıclar bağlıdır.