MOLLA PƏNAH VAQİF TƏRTƏRDƏ YAŞAMIŞDIR
XVIII əsrin görkiəmli Azarbaycan sairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax rayonunun Qıraqsalahlı kəndində anadan olmuşdur. O, mükəmməl təhsil almış astronomiya ilə maraqlanıb, bacarıqlı memar olmuşdur. Molla Pənah Vaqif fars, ərəb dillərini gözəl öyrənmişdir. 1750-ci ilin axırlarında öz ailəsi ilə birlikdə Qarabağın Tərtər mahalına köçüb gələn şair bir müddət burada yaşayıb-yaradır.
Mənbələrdə göstərilir ki, Molla Pənah Vaqif Tərtərbasarın Sarıcalı kəndində məktəb açaraq orada müəllimlik etmişdir.
Bir neçə il bundan əvvəl bu məsələ ilə əlaqədar Sarıcalı kəndinə getdim. Nəsillərin yaddaşında qalanlar budur ki. Vaqif tez-tez Tərtər çayına tamaşa edərmiş. Haylı-haraylı çayı seyr etməkdən çox xoşlanarmış. Görünür, şair Tərtərin sahillərində yazıb-yaradırmış. Məni çox maraqlandıran bir sual vardı qarşımda. Görəsən Molla Pənah Vaqif Tərtərdə neçə il yaşamışdır.
Bir dəfə yolum Şuşaya düşmüşdü. Əvvəlcə Vaqifın məqbərəsini ziyarət etdim. Bir neçə tarixi yerlərə baxarkən, məqbərədən bir xeyli yuxarıda belə bir lövhə gördüm: “Molla Pənah Vaqif 1759-cu ildə burada ilk məktəb açmışdır.”
O saat yadıma düşdü ki, mən Sarıcalı kəndində olanda söyləyirdilər ki, bir dəfə şair yay fəsli Şuşaya gedir, oranın ab-havası çox xoşuna gəlir. Beləliklə Şuşaya köçür. Deməli aydındır ki, 1750-ci ildə Tərtərə gələn Molla Pənah Vaqif 1759-cu ildə Şuşaya köçür. Bəli, şair düz doqquz il bizim rayonda yaşamışdır.
Ən təəssüf doğuran budur ki, rayonumuzda belə görkəmli tarixi səxsiyyətin parlaq xatirəsini əks etdirən heç bir nişanə, iz, səs-soraq yoxdur.
Belə rəvayət eləyirlər ki, Tərtərdən Şuşaya gəlib Saatlı məhəlləsində bir daxma qurur. Məhəllə usaqlarına dərs deməyə başlayır. Arabir şeirlər yazır. Bütün Şuşa uşaqları onun şerini əzbərləyir. Xalq arasında bir məsəl də yaranır: “Hər oxuyan Molla Pənah olmaz”. Baş verən bir hadisə şairin nəzərə çarpmasına səbəb olur. Bir çobanın yalvarışı ilə onun itinə nəzər duası yazır. Bu vaxtlarda ova çıxan İbrahim Xan itin boynunda duanı görüb açdırır. Oxuyanda onu yazanı tapmağı əmr edir.
Əyanlar xanın hüzurunda qürurla dayanıb şeir oxuyan gənc Vaqifə heyranlıqla tamaşa edirlər. Şair möhür bəndındə:
Biçarə Vaqifi salma nəzərdən,
Qul xətasız olmaz, ağa kərəmsiz.
—deyə, söyləyərkən İbrahim xan onu azad edir. Xan bir neçə gündən sonra şairi saraya çağırıb özünə mirzə təyin edir. Beləliklə, Molla Pənah Vaqifin saray həyatı başlanır. Bu hadisə təqribən şairin Tərtərdən getməsindən bir neçə ay sonra, yəni 1759-cu ilin sonlarında olur.
Şuşanın köhnə Saatlı məhəlləsində belə bir lövhə də var idi: “Molla Pənah Vaqif ilk dəfə Şuşaya gələrkən 1759-cu ildə burada yaşamışdır”. Bütün bunlardan aydın olur ki. Molla Pənah Vaqif Tərtərbasarda doqquz il yaşamışdır. İbrahim xan sarayın bütün siyasət işlərini Axund Molla Pənah Vaqifə etibar edibmiş.
Hətta deyilənə görə, sonralar saray həyatından cana gələn Vaqif Tərtərə Kəngərli kəndinə gəlir, orada xeyli qonaq qalır.
Axund Molla Pənah Vaqif və oğlu Qasım ağanın öldürülməsindən sonra arvadı Qızxanım Tərtərə qayıdıb Sarıcalı Hüseyn bəyə ərə gedir. Bunlar 1797-ci illərdə baş verir. Şairin öldürülməsi ilə onun evi qarət edilir. Yazıları məhv edilir.
Görünür, şairin Tərtərlə əlaqədar yazıb yaratdıqları məhv edilmişdir. Məncə bütün bunlara baxmayaraq Axund Molla Pənah Vaqif Azərbaycanda öz siqləli sözünü deyə bilmiş, sonra gələn ədəbi prosesə mühüm təsir göstərmişdir.
Nübar Mədətli,
Qaraqoyunlu kəndi
“Yeni Tərtər” qəzeti,
2 yanvar 2007-ci il.