Tərtərdə Novruzla bağlı xüsusi bayram adətləri geniş yayılmışdır. Bayramda hökmən aş dəmlənib, bayram süfrəsi açılmalıdır. Bayram axşamını, Novruzu hamı öz evində qarşılamalıdı. Bayram ərəfəsində elçi getmək, toy, nişan, bəlgə etməklə sevincə sevinc qatılır. Bayramda küsülülər barışarlar. Bayramda boyanmış yumurta, şirniyyat və digər şeylərdən xonça düzəldilib süfrəyə qoyular. Bağ-bağça təmizlənib səliqəyə salınardı. Suyun üstündən hoppanar, axar sudan içib əl-üzlərini yuyarlar. Bayramı təzə paltarla qarşılarlar, Novruza pak, təmiz halda çıxarlar. Səhərə qədər küçədə tonqallar, evdə lampalar sönməz. Bayram günü evdən kibrit, neft, od, kömür verməzlər.
Səməni düşməyən evə qonşular səməni payı verərlər. Bayram axşamı pis söz, söyüş, qarğış və s. söyləməzlər. Bayram axşamı üzərlik yandırıb tüs-tüsünü evə, uşaqlara, mal-qa- raya verərlər. Bayramdan bir gün əvvəl gecə niyyət edib yatırlar.
Tərtərdə bayram günlərində qocalara, xəstələrə, əsgərlərə bayram payı vermək, qəbir üstə gedib doğma ruhları yad etmək kimi ənənələr bu gündə mövcud-dur.
Baharınız uğurlu, Novruzunuz xeyirli, ocaqlarınız ruzili-bərəkətli olsun, əziz tərtərlilər!
Qoy bu bahar bizə həm də Böyük Qələbə sevinci gətirsin, bu gün qaçqın, köçkün adı daşıyan soydaşlarımız gələn Novruzu işğaldan azad olunmuş torpaqlarımızda qarşılasınlar
“Yeni Tərtər”