Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Respublikası Hərbi Prokuror-luğunun təmsilçiləri rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Novruz bayramı münasibəti ilə “N” saylı hərbi hissədə olmuş, əsgərlərə bayram sovqatı aparmışlar.
Tədbiri hərbi hissənin komandir müavini Qafqaz Əsgərov açaraq əsgərləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Mahir Əliyev əsgər və zabit heyətini bayram münasibəti ilə təbrik etmiş, onlara xidmətlərində uğurlar arzulamışdır.
Sonra rayon hərbi prokuroru Fuad Məmmədov çıxış edərək hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin bayram münasibəti ilə təbrikini çatdırmışdı.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Rayon şöbəsinin sədri, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərovun çıxışı əsgərlərdə yüksək əhval-ruhiyyə yaratmışdı.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək, əsgər və zabitləri milli bayramımız Novruz münasibəti ilə təbrik etmiş, müasir Milli Ordumuzun çağdaş Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradıldığını bildirmişdir. Rayon rəhbəri respublika Prezidenti İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun vətənin keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə yerinə yetirdiyini göstərmişdir. Qeyd etmişdir ki, düşmənlə 48 km təmas xətti olan cəbhə bölgəsi Tərtərdə hərbi xidmət keçməyin məsuliyyət yükü daha böyükdür. Respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhrəman tərtərlilər düşmənə bir qarış da torpaq verməmişlər.
Tədbirdə respublika prokurorluğu və rayon icra hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr və bayram sovqatları verilmişdir.
Sonra rayon mədəniyyət evinin özfəaliyyət kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.
* * *
Tərtər Rayon İcra Hakimiyyəti rayonun ərazisində yerləşən digər hərbi hissələrə də bayram sovqatları apar-mış və Novruz şənlikləri təşkil etmişdir. Bu tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri də cəlb olunmuşlar.
“Yeni Tərtər”