
Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Yeni Azərbaycan Partiyası 34 illik şərəfli yolu ilə dövlətçiliyimizin dayağıdır” adlı qısametrajlı film yümayiş olunub.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizin ictimai-siyasi həyatındakı müstəsna rolundan və keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bildirib ki, 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafı naminə mühüm tarixi missiyanı öz üzərinə götürüb. Həmin dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizi parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edərək möhkəm dövlətçilik təməlləri yaradıb.
Bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atır, ölkəmizin beynəlxalq nüfuzu və iqtisadi qüdrəti daha da artır. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyub.
Rayon rəhbəri YAP-ın VIII qurultayının əhəmiyyətinə də toxunaraq qeyd edib ki, qurultay partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, siyasi və təşkilati fəaliyyətinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu qurultayda qarşıya qoyulan hədəflər partiyanın ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi mövqeyini daha da möhkəmləndirib.
İcra başçısı partiyanın sıralarında birləşən hər bir üzvün dövlətçiliyimizə, milli maraqlarımıza və Prezidentin həyata keçirdiyi siyasətə sədaqətlə xidmət etməsinin vacibliyini vurğulayıb.
Sonra çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov partiyanın 34 illik fəaliyyətinin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın arzu və istəklərindən, dövlətçilik maraqlarından yaranmış, zamanın sınaqlarından şərəflə çıxmış siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
VIII qurultayın partiyanın fəaliyyətində mühüm mərhələ olduğunu bildirən sədr qurultayda müəyyənləşdirilən strateji hədəflərin, yenilənmə və inkişaf istiqamətlərinin partiyanın gələcək fəaliyyətinə yeni stimul verdiyini diqqətə çatdırıb. O, xüsusilə gənclərin partiya sıralarında fəallığının artırılmasının, milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə sadiq yeni nəslin yetişdirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə hazırda təqaüddə olan Yeni Azərbaycan Pariyasının üzvü Sahib Həsənov, Tərtər rayon Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Kərrar Bayramov, Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova, Qaraağacı kənd tam orta məktəbinin direktoru, Ərazi Partiya təşkilatının sədr müavin Rəşad Qarayev, Sarıcalı kənd tam orta məktəbin müəllimi Esmira Qəhrəmanova da çıxış ediblər. Çıxışçılar Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, ölkəmizin əldə etdiyi nailiyyətlərdə partiyanın rolundan, dövlətçilik ənənələrinin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda partiya sıralarında fəallığı və xidmətləri ilə fərqlənən bir qrup YAP üzvünə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Partiyaya yeni qəbul edilən üzvlərə isə üzvlük vəsiqələri verilib.

