Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Məhəmmədli Əhməd Əli oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı qazimizin ailəsini ürəkdən təbrik edib, yeni dünyaya gəlmiş körpəyə uzun ömür, möhkəm cansağlığı arzulayaraq qiymətli hədiyyə təqdim edib.
Görüş zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə məhz Əhməd kimi igid oğulların şücaəti sayəsində əldə olunub. Qeyd olunub ki, o, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralanaraq sağlamlığını itirib.
Qeyd edək ki, Vətən müharibəsinin 3-cü dərəcəli əlili Məhəmmədli Əhməd Əli oğlu 04.06.1997-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Vətən Müharibəsi qazisi Əhməd şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

