Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,279
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23Noy

    “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

    Bu gün Azərbaycan xalqı tariximizin ən şərəfli və qürurverici səhifələrindən birini – 20 Noyabr Ağdam Şəhəri Gününü böyük coşqu ilə qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün xalqımızın yenilməz iradəsinin, tarixi ədalətin bərpasının və Qarabağda başlanan misilsiz dirçəlişin rəmzidir.

    Qədim türk dilində “kiçik qala” mənasını verən Ağdam, XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xanın əmri ilə ağ daşdan ucaldılan imarətdən sonra ətraf bölgələr üçün işıqlı bir oriyentirə – “günəş şüaları ilə nurlanmış ağ ev”ə çevrilmişdir. 1930-cu ildə inzibati rayon kimi yaradılan, 1094 kvadratkilometr ərazini əhatə edən və Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəkləri ilə Kür-Araz ovalığının qərbində qərarlaşan bu yurd yeri bəşər sivilizasiyasının ən qədim ocaqlarındandır. XX əsrin 50-ci illərindən aparılan arxeoloji tədqiqatlar sübut etmişdir ki, hələ 6-8 min il əvvəl – Eneolit dövründə burada yüksək əkinçilik və maldarlıq mədəniyyəti mövcud olmuş, Üzərriktəpə abidəsi isə Qafqazda ilk şəhər tipli yaşayış məskəni kimi tarixə düşmüşdür.

    Təəssüf ki, bu zəngin irs 1993-cü ildə erməni təcavüzünün hədəfinə çevrildi. 42 gün davam edən ağır döyüşlərdən sonra 1993-cü il iyulun 23-də Ağdam rayonunun 73 faizi (882 kvadratkilometr ərazisi), rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu. Bu qanlı müharibədə 6 mindən artıq həmvətənimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə insan yaralandı, 128 min ağdamlı doğma yurdundan didərgin düşərək respublikanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarəsi, 99 klubu və dünyada yeganə olan məşhur Çörək muzeyi düşmən əlinə keçdi.

    BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdamdan və digər ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu təcavüz pislənsə də, rəsmi İrəvan beynəlxalq hüquqa məhəl qoymadı. Cenevrə Konvensiyalarını kobud şəkildə pozan Ermənistan 27 il ərzində etnik təmizləmə siyasəti yürütdü, toponimləri dəyişdirdi, mülkiyyəti talan etdi, dini və tarixi abidələrimizi dağıdaraq Ağdamı “Qafqazın Xirosiması”na çevirdi.

    Lakin 2020-ci ilin Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, bir güllə belə atılmadan, əlavə insan tələfatına yol verilmədən 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Vətən müharibəsində göstərdikləri şücaətə görə Prezident İlham Əliyevin 2020-ci il 26 noyabr tarixli təşəbbüsü ilə təsis edilən “Ağdamın azad olunmasına görə” medalı ilə Silahlı Qüvvələrimizin 5 790 hərbi qulluqçusu təltif olundu. Artıq noyabrın 23-də Müzəffər Ali Baş Komandan İlham Əliyev azad Ağdama səfər edərək üçrəngli Dövlət Bayrağımızı ucaltdı və tarixi Cümə məscidini ziyarət etdi.

    Azadlıqdan dərhal sonra Ağdamda misilsiz quruculuq salnaməsi yazılmağa başladı. Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə azad edilmiş ərazilər içərisində ilk olaraq məhz “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqləndi. Baş plana əsasən, 100 min nəfər əhalinin yaşayacağı müasir Ağdam azad edilmiş ərazilərin ən böyük, ölkəmizin isə dördüncü böyük şəhərinə çevriləcək. “Böyük Qayıdış” proqramı çərçivəsində ərazilər minalardan təmizlənir, müasir yol-nəqliyyat, enerji və sosial infrastruktur yaradılır.

    Ağdamın iqtisadi dirçəlişinin əsas dayaqlarından olan və 2021-ci il 28 may tarixli Fərmanla 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Ümumi investisiya həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara qeyri-rezidentlik statusu verilib. Burada sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılmaqla artıq 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam edir və 964 nəfər daimi işlə təmin olunub.

    Regionun nəqliyyat-logistika və mədəni mərkəzi statusu da bərpa olunur. 2025-ci il mayın 10-da istifadəyə verilən, 8 hektara yaxın ərazini əhatə edən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi ölkəmizdə ilk 350 metrlik qapalı dəmir yolu platformasına malik olmaqla gündəlik minlərlə sərnişinə xidmət göstərir. Eyni gündə açılışı olan 474 yerlik konsert zalına və 615 tamaşaçı tutumlu açıq amfiteatra malik Ağdam Muğam Mərkəzi isə Qarabağın qədim muğam ənənələrinin yaşadılmasına xidmət edir. Bununla yanaşı, turizm potensialının reallaşdırılması məqsədilə “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotelləri qonaqların istifadəsinə verilib.

    Bu möhtəşəm quruculuq salnaməsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş Ağdama etdiyi tarixi səfərlər və reallaşdırılan nəhəng infrastruktur layihələri ilə özünü bütün dünyaya nümayiş etdirir:

    23.11.2020: • Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması;• Dağıdılmış Ağdam Cümə məscidini ziyarət.

    28.05.2021:• Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi;• Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimi;• Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimi;• Ağdam Sənaye Parkının təməlqoyma mərasimi;• Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi ilə tanışlıq; • Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimi;• Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimi;• Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi;• Qiyaslı məscidi ilə tanışlıq;• Şahbulaq qalası ilə tanışlıq.

    13.02.2022:• Ağdam Sənaye Parkında iki müəssisənin təməlqoyma mərasimi;• “Park Forest Hotel Ağdam” mehmanxanasının təməlqoyma mərasimi;• Yeni yaşayış kompleksinin təməlqoyma mərasimi;• Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıq;• 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi;• Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanışlıq;• Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi ilə tanışlıq.

    04.10.2022:• Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq;• Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi;• Xıdırlı kəndinin təməlqoyma mərasimi;• Kəngərli kəndinin təməlqoyma mərasimi;• Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi;• “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimi;• Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanışlıq;• Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi;• Növbəti yaşayış məhəlləsinin təməlqoyma mərasimi; • Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi; • Sarıcalı kəndinin təməlqoyma mərasimi.

    15.10.2023: • Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq.

    24.12.2023: • “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı; • Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlqoyma mərasimi; • Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimi; • Ağdamda “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanışlıq; • Ağdam şəhər Mərkəzi parkının təməlqoyma mərasimi; • Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanışlıq; • Ağdamın Qiyaslı kəndinin təməlqoyma mərasimi;• Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimi;• Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlqoyma mərasimi;• Bərdə-Ağdam avtomobil yolunun açılışı;• Baş Qərvənd kəndinin təməlqoyma mərasimi.

    25.04.2024:• Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdam şəhərinə səfəri;• Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq;• Ağdam Cümə məscidinin bərpadan sonra açılışı;• Ağdam Konfrans Mərkəzi ilə tanışlıq;• Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi;• Ağdamda Şahbulaq qalasına baxış;• Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə naharı.

    28.05.2024:• Ağdam rayonunun Tağıbəyli kəndinin təməlqoyma mərasimi;• Güllücə kəndinin təməlqoyma mərasimi;• Ağdam rayonunun Nəmirli kəndinin təməlqoyma mərasimi;• Şotlanlı kəndinin təməlqoyma mərasimi.

    19.09.2024:• Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimi;• Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq;• Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni zavodların açılışları;• Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışı;• “Aghdam City Hotel”in açılışı;• Ağdam şəhərində “İmarət” stadionunun təməlqoyma mərasimi;• Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanışlıq;• Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq.

    18.02.2025: • Ağdam şəhərində “Hilton Garden Inn” hotelində aparılan tikinti işləri ilə tanışlıq; • Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı; • Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanışlıq; • “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanışlıq; • Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlıq; • Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq; • Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanışlıq.

    27.03.2025: • Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışı.

    10.05.2025: • Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı; • Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışı; • Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanışlıq; • Ağdamın Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə tanışlıq; • Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışı; • Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışı; • Ağdamın Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanışlıq; • Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarının təqdim edilmə mərasimi; • Ağdam Muğam Mərkəzinin açılışı.

    03.07.2025: • Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirakı; • ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləməsi; • Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Ağdamda Şahbulaq qalasında olması.

    18.07.2025: • Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışı; • Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı; • Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı; • Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı.

    23-24.12.2025: • Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı; • Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlqoyma mərasimi; • Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışı; • Ağdamda 2-ci yaşayış kompleksinin açılışı və buraya köçən sakinlərlə görüş.

    14.07.2026: • Azərbaycan və Slovakiya prezidentlərinin Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olması.

    07.11.2026: • Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq; • Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı; • Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışı; • Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanışlıq.

    Bu gün Ağdamda həyat yenidən qaynayır. Şəhərdə nəzərdə tutulan 5 məhəllədən 2-sinin, eləcə də Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı baş tutub; Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli kəndlərinin isə təməli qoyulub. 2026-cı il noyabr ayına olan məlumata əsasən, artıq Ağdam şəhərində 1 002 ailə (3 604 nəfər), Xıdırlı kəndində 659 ailə (2 621 nəfər), Kəngərli kəndində 292 ailə (1 261 nəfər), Sarıcalı kəndində isə 193 ailə (814 nəfər) olmaqla, ümumilikdə 2 146 ailə – 8 300 nəfər sakin öz doğma ata-baba yurduna qayıdaraq məskunlaşıb.

    Erməni vandalizminin viran qoyduğu torpaqlarda bu gün yeni həyat qurulur. Bərpa olunan, çiçəklənən və doğma sakinlərinin nəfəsi ilə isinən Ağdam əbədi olaraq azad Azərbaycanın quruculuq gücünün və Zəfər təntənəsinin rəmzi kimi yaşayacaq!

     

    Müəllif: Redaktor, 08:31

İsmarıclar bağlıdır.