Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd edilir. Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq bu müqəddəs gün ölkə üzrə qeyri-iş günü olan bayramlar siyahısındadır.
Üçrəngli bayrağımızın şanlı tarixi Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda, Nazirlər Şurasının binasında keçirilən iclasda ilk dəfə qəbul edilən və 1920-ci ilin aprelinədək dövlət statusunu qoruyan bu rəmz milli istiqlal ideologiyamızın təməlini təşkil edir. Görkəmli mütəfəkkir Əli Bəy Hüseynzadənin müəllifi olduğu “Türkçülük, müasirlik və islamçılıq” düsturunu əks etdirən mavi, qırmızı və yaşıl rəngli bayrağımız azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizin təcəssümüdür.
Milli dövlətçilik ənənələrimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq ilk dəfə rəsmi olaraq Naxçıvanın Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Hələ Sovet rejiminin mövcud olduğu bir dövrdə qəbul edilən bu cəsarətli qərar bütün Azərbaycanda müstəqillik hərəkatına güclü təkan vermiş, Naxçıvan MR Ali Məclisinin vəsatəti əsasında 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu ölkənin rəsmi rəmzi elan etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə isə Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi öz dövlət rəmzlərini tam bərpa etmişdir.
Ulu Öndər Heydər Əliyev bayrağımıza olan sevgini və sadiqliyi belə ifadə edirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin.”
Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, eləcə də müvafiq Konstitusiya Qanunları ilə Dövlət Bayrağının hüquqi statusu, dəqiq təsviri və istifadə qaydaları tənzimlənir. Eninin uzunluğuna nisbəti 1:2 olan bayrağımızdakı aypara və səkkizguşəli ulduz milli kimliyimizin ayrılmaz hissəsidir. Dövlət rəmzlərinə hörmət etmək hər bir vətəndaşın müqəddəs konstitusiya borcudur.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımıza verilən yüksək dəyər milli həmrəyliyimizin əsas sütununa çevrilmişdir. Ölkə başçımızın qeyd etdiyi kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.”
Prezident İlham Əliyevin Sərəncamı ilə salınan və təmir-bərpa işlərindən sonra yenidən istifadəyə verilən Bakıdakı Dövlət Bayrağı Meydanı və burada yerləşən Dövlət Bayrağı Muzeyi dövlətçilik tariximizin canlı salnaməsidir. Muzeydə nümayiş olunan “Zəfər qalereyası” ekspozisiyası, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəni və işğaldan azad edilmiş torpaqlarımızda ucaldilan bayraqlarımızın şanlı fotolarını nümayiş etdirir.
Dövlət başçısının 2010-cu ildə dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır” fikirləri Vətən müharibəsində və lokal antiterror tədbirlərində tam reallığa çevrildi. Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuzun şücaəti sayəsində şanlı üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə — Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və digər tarixi torpaqlarımızda məğrurcasına dalğalanır.
Qalibiyyət rəmzi olan bayrağımız suveren Azərbaycanın parlaq gələcəyinin, milli birliyinin və sarsılmaz dövlətçiliyinin əbədi simvoludur.
Dövlət Bayrağı Günümüz mübarək olsun!

