Azərbaycan xalqı xoşbəxtdir ki, biz öz milli-mənəvi dəyərlərimizi, mentalitetimizi qoruyuruq, yaşadırıq və gələcək nəsillərə ötürə bilirik. Bunlardan biri də yaşlı nəslə, ağsaqqala hörmətdir. Ağsaqqalın öyüd-nəsihəti ilə böyüyən, onun yolunu layiqincə davam etdirən övlad həmişə həyatda uğur qazanır.
Belə övladlardan biri hamımızın qürur yeri, fəxri olan, ata vəsiyyətinə layiqincə əməl edən möhtərəm Prezidentimiz İlham Əliyevdir. Biz ağsaqqallar Ulu Öndərin həyata keçirdiyi siyasətin Azərbaycan xalqının həyatını necə dəyişdiyinin canlı şahidləriyik. Bu siyasətin 2003-cü ildən bu yana davam etdirildiyini və nəticə etibarilə xalqımıza Şanlı Zəfər qazandırdığını da görürük və alqışlayırıq.
Ümummilli Liderimizin müəyyən etdiyi vəzifələr uğurla icra olunub. Möhtərəm Prezidentimizin dediyi kimi, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Biz heç kəsdən asılı deyilik. Taleyimiz öz əlimizdədir.
Ancaq Azərbaycanda sülh və əmin-amanlıq olsa da, dünyada vəziyyət belə deyil. Müharibələr, toqquşmalar hər gün neçə-neçə insanın həyatını əlindən alır. Belə olan vəziyyətdə biz də arxayınlaşmamalıyıq. Qurultaydakı dərin və əhalətli nitqində cənab Prezident qarşıda duran vəzifələri geniş şərh etmiş, partiya üzvlərini fəal olmağa, bu vəzifələrin yerinə yetirilməsində birlik nümayiş etdirməyə çağırmışdır.
Bildirmək istəyirəm ki, həmişə olduğu kimi, bu gün də ra-yonumuzun ağsaqqalları cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin qarşısında duran taleyüklü məsələlərin həllinə kömək etməyə çalışırlar. Ən başlıcası, öz nümunəmizlə, dövlətə və dövlətçiliyə sədaqətimizlə böyüyən nəslə örnək oluruq. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kəndlərimizdə olarkən ilk növbədə şəhid və qazi ailələri, ağsaqqallarla görüşür. Bu görüşlərdə mən də iştirak etməyə çalışıram. Hər yerdə ağsaqqallarımız ölkə rəhbərinə, müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycanın üzərindən qara buludların götürüldüyünə görə minnətdarlıq edir, şəhidlərimizə rəhmət oxuyurlar. Biz müharibənin törətdiyi bütün ağrı-acıları görmüşük və bir arzumuz var ki, bunlar bir daha təkrar olunmasın, uşaqlarımız, nəvələrimiz təhlükəsiz şəraitdə böyüsünlər, təhsil alsınlar, cəmiyyətimiz üçün xeyirli vətəndaş olsunlar.
Bunun üçün isə, cənab Prezidentin dediyi kimi, “ideolji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir.”
Hər birimizin ailəsində övladlar var, nəvələrimiz böyüyürlər. Biz onların həyatı, maraq dairəsi ilə ciddi maraqlanmalıyıq. Çünki ideoloji müharibə sərhəd tanımır. Bəzən övladlarımızın əlinə verdiyimiz telefon onlara bizdən yaxın olur, məsləhəti də ordan alırlar, davranış tərzini də götürürlər. Bu isə böyüyən nəsildə aqressiya, xoşagəlməz hallar yaradır. Son zamanlar məktəblərimizdə yaşanan hadisələr, saysız-hesabsız ailə münaqişələri məhz bunun nəticəsidir.
Biz gənclərimizə Azərbaycan reallıqlarını olduğu kimi çatdırlmalıyıq, ailə dəyərlərini uca tutmağı öyrətməliyik.
Sonda bir daha bildirmək istəyirəm ki, Tərtər qəhrəman şəhərdir, burada böyükdən kiçiyə hər kəs qəhrəmandır. Gənclərimiz çox vətənpərvərdilər, onlar bunu 44 günlük Vətən müharibəsində də sübut etdilər. İdeoloji müharibədə, quruculuq işlərində də biz daim Prezidentimizin yanındayıq və əlimizdən gələni edəcəyik ki, Azərbaycana qarşı təxribat törətmək istəyənlər özləri peşiman olsunlar.
Faiq Məmmədov,
rayon Ağsaqqallar Şurasının sədri

