Yeni Azərbaycan Partiyasının VIII Qurultayında nüma-yəndə kimi iştirak etmək mənim üçün böyük məsuliyyət və qürur hissi doğuran hadisə oldu. Qurultayda dövlətimizin gələcək inkişaf istiqamətləri, qarşıda duran vəzifələr və milli dövlətçilik xəttinin davamlılığı ilə bağlı səsləndirilən fikirlər hər birimiz üçün mühüm mesajlar verdi.
Qurultayda Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”. Dövlətimizin başçısı bu xəttin əsas istiqamətlərini müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü potensial kimi müəyyənləşdirdi.
Qurultayda səsləndirilən “enerji təhlükəsizliyi – bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir” fikri bizim fəaliyyət sahəmiz üçün də olduqca mühüm məna daşıyır.
Bu baxımdan qarşıdakı dövrdə elektrik şəbəkəsinin dayanıqlığının artırılması, mövcud avadanlıqların texniki vəziyyətinə nəzarətin gücləndirilməsi, transformator yarımstansiyalarında və elektrik xətlərində aşkar olunan problemlərin vaxtında aradan qaldırılması əsas istiqamətlərimiz olacaq. Eyni zamanda, vətəndaş müraciətlərinə diqqətin artırılması, yaranan nasazlıqlara operativ müdaxilə olunması və abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərimizi davam etdirəcəyik.
Tərtər rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin, sosial layihələrin və digər infrastruktur tədbirlərinin fasiləsiz enerji təminatının təşkil olunması da qarşımızda duran mühüm vəzifələrdəndir.
YAP-ın VIII Qurultayında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, infrastrukturun yenilənməsi və yaşıl enerji layihələri ilə bağlı qarşıya qoyduğu vəzifələr bizim fəaliyyətimiz üçün də mühüm istiqamətlər müəyyənləşdirir. Bu baxımdan rayon elektrik təsərrüfatının etibarlı və dayanıqlı fəaliyyətinin təmin olunması, elektrik enerjisinin fasiləsiz verilişi, mövcud şəbəkələrin yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesinin fonunda Azərbaycanın enerji siyasətində yaşıl enerjiyə keçidin sürətləndirilməsi, müasir enerji infrastrukturunun yaradılması və enerji səmərəliliyinin artırılması qarşıda duran əsas vəzifələrdəndir.
Biz də rayon elektrik şəbəkəsi olaraq bu prosesdən irəli gələn vəzifələrin yerinə yetiril-məsinə öz töhfəmizi verməli, əhalinin və təsərrüfat subyektlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində fəaliyyətimizi daha da gücləndirməli-yik. Qarşıdakı dövrdə enerji itkilərinin azaldılması, şəbəkələrin texniki vəziyyətinin yaxşılaşdırılması, yeni istehlakçıların qoşulması zamanı müasir tələblərin nəzərə alınması, rəqəmsal texnologiyalardan və enerjiyə qənaət imkanlarından daha geniş istifadə diqqət mərkəzində saxlanılacaq. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti ölkəmizin bütün regionlarında olduğu kimi, enerji infrastrukturunun daha da müasirləşdirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə böyük imkanlar yaradacaqdır.
Qurultayda ölkə rəhbəri “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə” olduğunu qeyd etdi.Bu mühüm siyasi hadisədən irəli gələn vəzifələr hər birimizdən daha böyük məsuliyyət, intizam və təşəbbüskarlıq tələb edir.
Vilayət Qafarov,
YAP-ın VIII qurultayının nümayəndəsi,
Tərtər rayon Elektrik şəbəkəsinin rəisi

