44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər xalqımızın birliyinin, ordumuzun qüdrətinin, əsgər və zabitlərimizin qəhrəmanlığının, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi idi. Bu Qələbə Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də milli iradəsini, dövlətə sədaqətini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
Bu gün bizim əsas vəzifəmiz qazanılmış nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan miras qoymaqdır.
Prezidentimizin VIII Qurultaydakı nitqində xüsusi vurğuladığı məsələlərdən biri də ideoloji təhlükəsizlikdir. Dövlətimizin başçısı qeyd edib ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər önəmlidir və bu sahədə təhsil ilə vətənpərvərlik mühüm rol oynayır.
Biz şəhidlərimizin qəhrəmanlıq yolunu gənclərə tanıtmalı, qazilərimizin döyüş təcrübəsini gələcək nəsillərə çatdırmalı, Vətən müharibəsinin tarixi əhəmiyyətini şagirdlərə düzgün izah etməliyik. Bu istiqamətdə məktəblərdə hərbi-vətənpərvərlik tədbirlərinin, maarifləndirici görüşlərin, hərbi idman yarışlarının və gənclərlə səmimi söhbətlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Digər mühüm məsələ gənclərin informasiya məkanında düzgün istiqamətləndirilməsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə yanaşı, yanlış məlumatlar və ideoloji təsirlər də geniş yayılır. Buna görə gənclərimizdə tənqidi düşüncə, informasiya savadlılığı və milli maraqlara məsuliyyətli yanaşma formalaşdırılmalıdır. Onlar əldə etdikləri məlumatları təhlil etməyi, həqiqəti yanlış məlumatlardan ayırmağı bacarmalıdırlar.
YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin, ziyalıların, müəllimlərin və xüsusilə gənclərlə işləyən şəxslərin üzərinə böyük məsuliyyət düşür. Biz bu vəzifələrin icrasına formal yanaşmamalı, görülən işlərin real nəticələr verməsinə çalışmalıyıq. Gənclərlə işimiz onların dünyagörüşünə, davranışına və gələcək məqsədlərinə müsbət təsir göstərməlidir.
Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın həyata keçirilməsi, ölkəmizin iqtisadi və hərbi potensialının gücləndirilməsi hər birimizin fəal iştirakını tələb edir. Biz gənclərə anlatmalıyıq ki, bugünkü inkişaf və quruculuq işləri gələcəyimizin təminatıdır və hər bir vətəndaş bu prosesə öz töhfəsini verməlidir.
Mən bir qazi kimi qürur duyuram ki, xalqımız tarixi Zəfərə nail olub, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bir hərbi müəllim kimi isə ən böyük arzum budur ki, yetişdirdiyimiz gənclər savadlı, sağlam, intizamlı, milli ruhlu və Vətənini hər şeydən üstün tutan vətəndaşlar olsunlar.
İnanıram ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər ətrafında birləşərək, hər birimiz öz vəzifəmizi vicdanla yerinə yetirməklə Azərbaycanın daha da güclənməsinə töhfə verəcəyik.
Vətənimizin gələcəyi gənclərimizin əlindədir. Gənclərimizin vətənpərvər, bilikli və məsuliyyətli yetişməsi isə bizim bu gün gördüyümüz işdən asılıdır.
Səbuhi İbrahimov,
44 günlük Vətən müharibəsi
qazisi, baş leytenant

