2026-il oktyabrın 2 də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın VIII qurultayında Prezident İlham Əliyevin nitqini mən də hamı kimi diqqətlə, həm də təkrar olaraq dinlədim. Ölkəmizin keçdiyi həm çətin, həm şərəfli inkişaf yolundan, regionda yaranmış yeni reallıqlardan, qarşıda duran vəzifə və hədəflərdən çox diqqətlə və əhatəli danışdı cənab Prezident. Dövlət başçısını dinlədikcə Vətən müharibəsi zamanı İlham Əliyevin xarici telekanallara, mətbuata və məkrli jurnalistlərə yorulmadan, təmkinlə və heyrətamiz bir diplomatiya ilə verdiyi müsahibə və çıxışları xatırladım. Cənab Prezident Azərbaycanın bugünki inkişaf reallıqlarına, görülmüş böyük işlərə, iqtisadi irəliləyişə, siyasi və hərbi gücə, Qarabağ reallıqlarına, misilsiz Zəfərə kölgə salmaq istəyənlərə, bunları görməzdən gələnlərə aydın bir mənzərə açdı.
Prezidentin qurultaydakı nitqinin əsas istiqamətlərindən biri təhsil və ideoloji təhlükəsizlik məsələsi idi. Təhsilin millətimizin gələcəyi üçün əhəmiyyəti xüsusi qeyd edildi.
Təhsil millətin gələcəyidir, cəhalətə, qaranlığa işıq tutur. Biz təhsil işçiləri əlimizdən gələni edirik və bundan da artıq etməliyik ki, gələcəyimiz olan gənclik təhsilli olsun. Ağı qaradan, pisi yaxşıdan seçə bilsinlər. Dövlətin qərarlarını dəstəkləyərək yanında olsunlar.
Vətənpərvər yetişsinlər, qanlar, canlar və müdrik bir siyasətlə qorunan bu Vətən torpaqlarının layiqli varisləri olsunlar. Milli maraqlarımızı qorusunlar, milli-mənəvi dəyərlərimizə sahib çıxsınlar. Bu gün dünya təlatümlü bir okeanı xatırladır. Ətrafda müharibə ocaqları var. Belə şəraitdə, qüdrətimizi, böyük Zəfərimizi, dünyada söz haqqına və öz taleyimizə sahib olmağımızı həzm etməyənlər çoxdur. Azərbaycanı təlatümlü okeanda üzən bir gəmi kimi təhlükəli dalğalardan, aysberqlərdən qoruya– qoruya aparan bir Koman-dan var: İlham Əliyev. Dövlətimizin gözəl gələcəyi, bu millətin aydına açılan sabahları üçün, var olmamız üçün onun ətrafında sıx birləşək. Dövlətimizin rifahı üçün verdiyi qərarları hər zaman dəstəkləyək. Qarabağı öz yenilməz ordusu ilə düşmən əsarətindən geri alıb qaytaran Ali Baş Komandana bizim də qaytarmalı sədaqət borcumuz var. Məqsədi bəlli olanlara, düşmən dəyirmanına su tökənlərə niyyətlərinə çatmağa imkan verməyək.
Vəsilə Mehdiyeva,
Sarıcalı kənd tam orta məktəbinin direktoru

