
Oktyabrın 16-da Bakıda Rəşid Behbudov adına Mahnı Teatırında Azərbaycan Jurnalistlərinin IX qurultayı keçirildi. Bundan əvvəl VII və VIII qurultaylarda da iştirak etmişdim. Paytaxtımızda keçirilən bu cür ali tədbirlər ölkənin media mühiti ilə daha sıx təmasda olmağa, bütövlükdə müasir jurnalistikanın abu-havasını hiss etməyə bir fürsət yaradır.
Bu dəfə də belə oldu. Ölkəmizin veteran jurnalistləri ilə bir cərgədə əyləşib məruzələri və çıxışları diqqətlə dinlədim. Qeyd edim ki, həm gənc, həm də yaşlı nəslin nümayəndələrinin çıxışları çılğın və emosional idi. Ancaq bu emosionallığın içində ümumi bir fikir səsləndi: müasir dövrümüzdə, ideoloji mübarizənin sərhəd tanımadığı, kibercinayətkarlığın artdığı zamanda söz adamlarının üzərinə daha məsul vəzifələr düşür. Bu vəzifələrin ən ümdəsi vətənpərvərlik və dövlətçilikdir. Gənclər xəbər janrında operativliyə, süni intellektin köməyinə üstünlük verildiyini qeyd etsələr də, ümumən qərara alındı ki, jurnalistikamız milli mətbuatımızın klassik, demokratik ənənələri əsasında inkişaf etdirilməlidir.
Qurultayda Mətbuat Şurasının 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət 23 nəfərlik İdarə Heyətinin tərkibi əsaslı surətdə yeniləndi.
Bakı Dövlət Universitetinin Jurnalistika fakülətəsinin dekanı, professor Vüqar Zifəroğlu açıq səsvermə yolu ilə Mətbuat Şurasının sədri seçildi. O, Mətbuat Şurasının yeni İdarə Heyətinin dövrün yeni çağırışlarına ən yüksək səviyyədə cavab verəcəyinə əmin olduğunu bildirdi.
Qurultayda BDU-nın Milli mətbuat tarixi kafedrasının müdiri, ölkə jurnalistlərinin bir neçə nəslinin sevimli müəllimi, professor Cahangir Məmmədlinin jurnalistikamızın bugünkü vəziyyəti haqqında çıxışı böyük maraq doğurdu.
Jurnalistlərin ali məclisində bölgə mətbuatını cəmi bir neçə namizəd təmsil edirdi.
Onlardan biri – Ağcabədidə nəşr olunan rayon qəzetinin baş redaktoru Məhsəti Musa tribunaya qalxaraq, hazırda bölgə qəzetlərinin çox çətin durumda olduğunu söylədi.
Sevindirici hadisələrdən biri isə vaxtilə Yevlaxda “Kür” qəzetinin redaktoru işləmiş, hal-hazırda isə Azərbaycan Mətubat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızının cəmi 23 nəfərlik İdarə Heyətinin tərkibinə seçilməsi oldu. Daim ahıl jurnalistlərin yanında dayanan, hər birimizlə müntəzəm olaraq əlaqə saxlayan, problemlərimizlə maraqlanan Əminə xanımın burada təmsil olunması nəinki veteran jurnalistlər, elə gənclər tərəfindən də müsbət qarşılandı. Uzun illərin təcrübəsinə malik, tükənməz enerjisi olan bu qadından gənclər həmişə öyrənib və yenə də öyrənirlər.
Məlumdur ki, Azərbaycanın inkişafının indiki mərhələsində ölkəmizi gözü götürməyən qüvvələr bütün vasitələrlə bu inkişafa mane olmağa çalışırlar. Qurultayda qeyd olundu ki, döyüş meydanlarında müharibə Şanlı Zəfərimizlə başa çatıb. İdeoloji müharibədə də biz qalib olacağıq. Ona görə ki, cənab İlham Əliyev kimi müdrik Prezidentimiz, onun ətrafında bir yumruq kimi birləşən xalqımız var.
O da bildirildi ki, Azərbaycan jurnalistikasının üzərinə düşən vəzifələr indi daha məsuliyyətli və şərəflidir. Döyüşlərin ən çətin anlarında, düşmən atəşi altında həyatını riskə ataraq çalışan media nümayəndələri, hazırkı ideoloji müharibədə də daim dövlətimizin yanında olacaq, gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsinə, Azərbaycan həqiqətlərinin qorunmasına öz layiqli töhfələrini verəcəklər.
Qurultayda Azərbaycan Respubli-kasının Prezidenti cənab İlham Əli-yevə Azərbaycan jurnalistlərinin IX Qurultayı iştirakçılarının müraciəti qəbul olundu.
Svetlana BAĞIROVA

