Biz dünyəvi bir dövlətdə yaşayırıq. Planetimizdəki dövlətlər arasında Azərbaycan əmin-amanlıq, sabitlik hökm sürən cəmi bir neçə ölkədən biridir. Əgər 6 il bundan əvvəl bizi nankor qonşularımız narahat edirdilərsə, indi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu onları yerində oturdub. 2023-cü ilin antiterror əməliyyatından sonra isə suverenliyimiz tam bərpa olundu. Müqəddəs Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.
Belə bir ölkədə yaşamaq, təhsil almaq, işləmək qürurvericidir. Lakin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfərimiz heç də bəzi xarici dövlətlərə xoş gəlmir. Birliyimizi sarsıtmaq, iqtisadi gücümüzü azaltmaq üçün onlar müxtəlif bəhanələr axtarırlar.
Lakin unudurlar ki, xalqımız həmişə yaxşını pisdən, düzü-əyridən ayırmağı bacarıb. Əsrlər boyu bu, belə olub, indi də belədir. Hal-hazırda ümumtəhsil məktəblərində təhsilalanlar və təhsilverənlər üçün ümumi məktəb geyiminin tətbiqi ilə bağlı yaranmış söhbətlərdə də vətəndaşlarımız qayda-qanunları müdafiə edir və bu məsələnin dinlə bağlı olmadığını söyləyirlər.
Gültəkin Əsədova, şəhər sakini, təqaüdçü:
– Mənim də iki məktəbli qız nəvəm var. Hər səhər onlar səliqəli məktəb geyimində evdən çıxanda, ürəyim da-ğa dönür. Şükür edirəm ki, rahat dərslərini keçib evə dönəcəklər. Ötən əsrin 90-cı illərində, öz uşaqlarımız təhsil aldığı zaman belə sakit deyildik. Bilmirdik ki, uşaqları ermənilərin terrorundan necə qoruyaq. Təhlükəli vəziyyət idi. İndi ümumtəhsil məktəblərində tələb olunan vahid şagird geyiminin nəyi pisdir ki? Axı, bu, din məsələsi deyil. Bizim dövlətimizdə bütün dinlərə hörmətlə yanaşılır. Məsələ ondadır ki, hələ 18 yaşına çatmamış məktəbli qızlar nəyə görə başlarını bağladıqlarını anlamırlar, bunu böyüklərin təhriki ilə edirlər. Belə uşaqlar məktəbdə yoldaşlarından seçilir, bu isə şagirdlərin fikrini təhsil prosesindən yayındırır. Mən bir nənə kimi tövsiyə edirəm ki, qızlarımız özləri böyüyüb hansı geyimdə olmalarına qərar verə bilənədək, onların uşaqlığını, xoşbəxt gələcəyini əllərindən almayaq.
İlahə Paşazadə, gənc valideyn:
–Düşünmürəm ki, hicabla məktəbə gələn qızlar bu addımı könüllü surətdə edirlər. Çünki hələ o yaşda deyillər ki, dinimizin qaydalarına əməl edə bilsinlər. Yəqin ki, böyüyərlər, həyat haqqında daha məlumatlı olarlar və o zaman öz geyimləri ilə bağlı qərar verərlər. Məktəb illəri hər bir insanın həyatında ən həlledici və unudulmaz dövrdür. Məhz sinif otaqlarında cəmiyyətimizin gələcəyi formalaşır. Ona görə də burada bərabərlik, sağlam mühit və milli-mənəvi dəyərlərimizə uyğun təlim və tərbiyə olmalıdır.
Maya İsgəndərova, şəhid anası:
– Ölkəmiz 44 günlük Vətən müharibəsində qalib gəldi, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımızı işğaldan azad etdik . Ancaq qələbə qazanmaq hələ o demək deyil ki, arxayınlaşıb oturmalıyıq. Düşmənlər yenə də sakitləşməyiblər. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi çoxlarının ürəyincə deyil. Odur ki, bəzi insanların həssas hisslərinə toxunaraq, bizə təsir göstərməyə çalışırlar. Belə bir məqamda hər bir vətəndaş dövlətinin yanında olmalıdır. Şəhid ailəsi kimi biz daim dövlətimizin dəstəyini hiss edirik. Əminəm ki, bu gün aparılan siyasət, ölkəmizdə sabitliyin qorunması üçün atılan hər bir addımı yenə də bizim rahat və azad yaşamağımız üçündür.
Beləliklə, tərtərlilərin bir neçəsi ilə söhbət edib fikirlərini qələmə aldıq. Onlar bildirdilər ki, heç bir xarici qüvvə, heç bir təxribat vətənpərvərliyimizə, dövlətçiliyimizə xələl gətirə bilməz.
Svetlana BAĞIROVA

