6 il əvvəl bu gənclər-Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Vətən Müharibəsi qazisi Amid Paşazadə və Vətən Müharibəsi qazisi Elvin İsmayılzadə döyüş meydanında qəhrəmanlıq göstərərək, Vətən qarşısında borclarını şərəflə yerinə yetirdilər. Bu yolda yaralandılar, qan tökdülər. Onların yaralarından axan qan düşmən tapdağı altında inləyən müqəddəs torpağımızın yaralarını sağaltdı, millətimizin başını uca, üzünü ağ etdi. Dövlətimiz igid oğulların şücaətini yüksək qiymətləndirdi. Azər Abdullazadə Vətən Müharibəsi Qəhrəmanı kimi şərəfli ada layiq görüldü. İndi onların hər üçünün sinəsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif edildikləri medallar bəzəyir.
Elin-obanın böyük məhəbbətini qazanan bu oğullar müharibədən sonra ailə qurub, nümunəvi ailə sahibi olublar. Qeyd edək ki, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər üç gəncin xeyir işində iştirak edərək, onları təbrik etmiş, xeyir-dua vermişdir. Artıq bu dualar eşidilib. İndi həmin ailələrdə övladlar dünyaya gəlib. 6 il bundan əvvəlki döyüş səhnələrini xoşbəxt ailə mühiti, övlad səsi əvəz edir. Evlərinin ən əziz qonağı isə yenə də rayon rəhbəridir. Bu günlərdə icra başçısı hər üç ailədə olaraq, gəncləri valideyn olmaları münasibətilə ürəkdən təbrik edib, körpələrin sağlam
böyümələrini, layiqli övlad olmalarını arzulayıb. Bildirib ki, 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfər sayəsində ölkəmizin suvernliyi tam bərpa olundu. İndi xalqımız əmin-amanlıq şəraitində yaşayır, körpələr azad, müstəqil dövlətdə böyüyürlər. Lakin bu əmin-amanlığı gözü götürməyənlər çoxdur. Ona görə də əldə olunan nailiyyətləri qorumaq üçün hamı çalışmalıdır.
Azər Abdullazadə deyib:
-44 günlük Vətən Müharibəsi günlərində də, bugünkü ideoloji müharibədə də biz Prezidentimizin, dövlətimizin yanında olmuşuq və oluruq. Bizim üçün Vətən anlayışından yüksək bir anlayış yoxdur.
Gənclər onu da qeyd ediblər ki, böyüyən nəslin vətənpərvərlik ruhunda tərbiyəsində yaxından iştirak edəcəklər.
“Yeni Tərtər”

