“Meyvəçilik, bağçılıq kənd təsərrüfatının gəlirli sahəsi olsa da, bu işlə məşğul olmağa qərar verən insandan ilk növbədə səbr, böyük zəhmət və innovativ üsullara üstünlük verilməsini tələb edir”. Bu sözləri “Tərtər-1” MMC-nin təsiscisi Muxtar Orucov söyləyib. O bildirib ki, müasir standartlara uyğun qurulan “Tərtər 1” MMC-nin ümumi əkin sahəsi 98 hektardır. Bu sahənin 75 hektarını xurma, 12 hektarını nektarin və 11 hektarını şaftalı təşkil edir. Bağların 49 hektarı isə yeni salınmışdır. Ümumilikdə, bağların salınmasına 3,8 milyon manat vəsait sərf edilib. Rayonun məşğulluğuna mühüm töhfə verən müəssisədə hazırda 14 nəfər daimi, 80 nəfər yerli sakin isə mövüsmi işlə təmin olunmuşdur.
Müəssisədə su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması məqsədilə müasir tələblərə cavab verən mütərəqqi avtomatlaşdırılmış damlama suvarma sistemi qurulub. Eyni zamanda, ərazidə suvarma suyunun fasiləsizliyini təmin etmək üçün 1,5 hektar sahədə tutumu 130 min kubmetr olan xüsusi süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir.
Hazırda müəssisənin Seydimli kəndində yerləşən xurma bağlarında məhsul yığılır. Rayon rəhbəri Müstəqim Məmmədov müəssisənin təsisçisi Muxtar Orucovla birlikdə xurma bağlarına baxış keçirib, məhsulun yığılması, saxlanılması və ixrac olunması barədə geniş fikir mübadiləsi aparıb. O bildirilib ki, bugünə kimi 200 ton məhsul yığılaraq Rusiya bazarlarına ixrac olunub, mövsüm başa çatana qədər isə 2500 ton məhsulun yığılması nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının daha da dinamik inkişaf etdirilməsi, ənənəvi sahələrlə yanaşı belə yüksək məhsuldar intensiv bağçılığın genişləndirilməsi barədə öz tövsiyələrini verib. Rayon rəhbəri qeyd edib ki, müasir aqrar texnologiyaların təsərrüfatlara tətbiqi həm su ehtiyatlarına qənaət edilməsi, həm də daxili və xarici bazarlara rəqabətədavamlı, ekoloji təmiz meyvə məhsullarının çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, rayonda fəaliyyət göstərən digər sahibkarların da bu cür innovativ təcrübələrdən yararlanmasının vacibliyini önə çəkib.
“Yeni Tərtər”

