
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə geniş və proqram xarakterli nitq söyləmişdir. Dövlətimizin başçısı öz çıxışında Azərbaycanın Avrasiya məkanında artan birleşdirici rolunu, müstəqil xarici siyasət kursunu və beynəlxalq münasibətlərdə ədalətin bərqərar olunması istiqamətində atılan addımları diqqətə çatdırmışdır.
Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən ölkəmiz ikitərəfli və çoxtərəfli formatlarda siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə səmərəli əməkdaşlıq həyata keçirərək regionda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan hər zaman bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə söykənən müstəqil xarici siyasət yürüdür, dövlətlərarası münaqişələrin həllində ikili standartlara və seçici yanaşmalara qarşı fəal mübarizə aparır.Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən sonra davamlı olaraq ikili standartlarla üzləşmişdir. Ərazimizin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış, bir milyondan çox həmyerlimiz öz əzəli torpaqlarından didərgin salınaraq etnik təmizləməyə məruz qalmışdır. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi 30 il kağız üzerinde qalmış, məsələnin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu isə yalnız imitasiya ilə məşğul olmuşdur.
Ermənistanın həm keçmiş, həm də 2018-ci ildən sonrakı hazırkı rəhbərliyi cinayətkar və təxribatçı siyasətini sürdürərək Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Beynəlxalq ictimaiyyət, o cümlədən Avropa Parlamenti və Avropa Şurası kimi qurumlar təcavüzkarı qınamaq əvəzinə, təcavüzə məruz qalan Azərbaycanı hədəfə alırdı.
2020-ci ilin iyul və avqust aylarında Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan xalqı və ordusu ayağa qalxdı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 300-dən çox şəhər və kəndi azad etdi və Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Üç il ərzində suverenliyin tam bərpası üçün sülh yollarını sınayan Azərbaycan, Ermənistanın revanşist cəhdləri və 2023-cü ilin sentyabrındakı növbəti təxribatına cavab olaraq anti-terror əməliyyatı keçirdi. Bir sutkadan da az müddətdə işğalçı ordu darmadağın edildi, separatizmə son qoyuldu və suverenliyimiz tam bərpa olundu. Xalqımıza qarşı ağır cinayətlər törətmiş separatçı liderlər və müharibə cinayətkarları bu gün Azərbaycan məhkəməsi qarşısındadır. Bizi Bakını işğal etməklə hədələyənlər bu gün həbsxanalarımızda Azərbaycan çayı içir, onların hərbi texnikası isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Müharibə Azərbaycanın seçimi olmamışdır. Lakin bütün əzablara və dağıntılara baxmayaraq, ölkəmiz döyüş meydanında qisasını aldıqdan sonra Ermənistana sülh təklif etmişdir. Bir ildən çoxdur ki, regionda sülh hökm sürür və bu kövrək sülhü qorumaq hər birimizin borcudur.
Azərbaycan AQEM-ə ikiillik sədrliyi dövründə də nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına böyük töhfələr vermişdir. Üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilən təşəbbüslər AQEM-in institusional və hüquqi dayaqlarını daha da möhkəmləndirmişdir.

