17 Oktyabr – Azərbaycanın şanlı tarixinə, Zəfər salnaməmizə qızıl hərflərlə yazılmış ən qürurlu günlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si ölkəmizdə Füzuli Şəhəri Günü kimi böyük təntənə və qürur hissi ilə qeyd olunur.Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan, 1386 kvadratkilometr ərazini əhatə edən Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Əsası 1827-ci ildə qoyulan və əvvəlcə Qarabulaq, daha sonra Qaryagin adlandırılan bu qədim yaşayış məskəni 1959-cu ildən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdır. Zəngin tarixi-dini irsə malik olan rayon ərazisində Babı kəndindəki XIII əsrə aid Şeyx Babı Yaqub türbəsi, XIV əsr Mirəli türbəsi, Əhmədalılar və Cəlil türbələri kimi misilsiz abidələr yerləşir.
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, bu ağır mübarizədə 663 nəfər rayon sakini şəhid olmuş, 400-dək insan müharibə əlilinə çevrilmiş, 181 nəfər isə əsir və itkin düşmüşdür. 1994-cü ilin yanvarında uğurlu əməliyyatla 22 yaşayış məntəqəsi azad edilsə də, rayonun tam azadlığı 2020-ci ilin Vətən müharibəsinə nəsib oldu. Düşmənin 30 il ərzində qurduğu keçilməz müdafiə istehkamlarını darmadağın edən Rəşadətli Azərbaycan Ordusu 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə bu döyüşlərdə xüsusi şücaət göstərmiş 25 325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
İşğal dövründə 100 mindən çox minanın basdırıldığı və tamamilə dağıdıldığı Füzuli bu gün dövlətimizin başçısının birbaşa diqqəti ilə yenidən doğulur. “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən rayonda Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, müasir Rəqəmsal Yarımstansiya, su anbarları, yeni yaşayış kompleksləri, məktəblər və uşaq bağçaları istifadəyə verilib.
Qardaşlıq və dostluq münasibətlərinin təzahürü olaraq Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilərək füzulililərin istifadəsinə verilib.
Böyük Qayıdış Proqramına uyğun olaraq 2023-cü ilin avqust ayından etibarən keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına dönüşü başlanıb. Bu günədək minlərlə Füzuli sakini öz ata-baba yurduna qayıdaraq orada yeni və işıqlı həyata başlayıb. Prezident İlham Əliyevin azad olunmuş Füzuliyə müntəzəm səfərləri, açılışlar və təməlqoyma mərasimləri bu qədim diyarın sürətlə dirçəldiyini və bölgənin ən müasir mərkəzlərindən birinə çevrildiyini təsdiq edir.
Füzuli Şəhəri Gününüz mübarək olsun!
See less

