Ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı İDEA İctimai Birliyinin təşəbbüsü tərtərlilər tərəfindən də geniş dəstəklənir.
Bu münasibətlə keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, rayonun digər sakinləri iştirak etmişdirlər. İlk növbədə, ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. “Tərtər-Bərdə,” “Tərtər-Ağdam” avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində və Nizami, Elman Hüseynov, Ə.Paşayev, Mahir Əsədov küçələrində əsasən rayonda yetişdirilən, yerli təbiətə uyğunlaşdırılmış müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacların suvarılmasına su maşınları cəlb edilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinlərlə birlikdə ağac əkmişdir. Başçı bildirmişdir ki, ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə aksiyaların gələcəkdə miqyası genişləndirilərək daha böyük ərazini əhatə edəcəkdir.
Qeyd edək ki, bu il Tərtər rayonunda İDEA İctimai Birliyinin təşəbbüsünə dəstək olaraq 30 mindən çox ağac və gül kollarının əkilməsi nəzərdə tutulub.
“Yeni Tərtər”