Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,239
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Okt

    Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) müstəvisində fəal əməkdaşlıq edir, bir-birini ardıcıl olaraq dəstəkləyir. Tərəflər çox yaxşı siyasi əlaqələrin mövcudluğunu vurğulamaqla yanaşı, ikitərəfli təmasları daha da intensivləşdirmək barədə razılığa gəliblər.

    Bu çərçivədə ticarət və sərmayə qoyuluşu sahələrində mövcud potensialın müəyyənləşdirilməsi və genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. İqtisadi əməkdaşlığın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması bu istiqamətdə atılan mühüm addımdır. Məsafə və məlumat çatışmazlığı kimi amillərin müasir dünyada ciddi maneə olmadığı, keçirilən biznes forumunun iki ölkənin şirkətləri arasında birbaşa əlaqələrin qurulmasına, iqtisadi və investisiya prioritetlərinin daha yaxından tanınmasına kömək edəcəyi bildirilib.

    Ölkələr arasında ticarət dövriyyəsi hazırda aşağı səviyyədə olsa da, Baş nazirin rəsmi səfərindən sonra bu sahədə böyük canlanmanın olacağı gözlənilir. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya kimi prioritet sahələrdə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Xüsusilə Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması ənənəsinin bərpa edilməsi və qarşılıqlı təhsil imkanlarının yaradılması xalqlar arasında təmasların genişlənməsinə xidmət edəcəkdir.

    Öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN xidmət” modelinin Kambocada da böyük maraq doğurması məmnunluqla vurğulanıb. Bir çox dost ölkələrdə tətbiq edilən bu sistemin iki ölkə arasındakı münasibətlərə dəyərli töhfə verəcəyi ifadə olunub.

    Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkədə dostluq qrupları fəaliyyət göstərir və Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu fakt Cənub-Şərqi Asiyanın Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biri olduğunu göstərir.

    Görüşdə hər iki ölkə üçün ümumi və ciddi problem olan mina məsələsi də müzakirə olunub. Minalardan əziyyət çəkən ölkələr kimi təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, eləcə də birgə təlimlərin keçirilməsi vacib hesab edilib. Vurğulanıb ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb.

    Sülh və təhlükəsizlik inkişafın əsas şərti kimi dəyərləndirilib və bu prosesin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğu bildirilib. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa edib və hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılaraq “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır.

    Azərbaycan və Kamboca keçmişdə və hazırda oxşar çağırışlarla üzləşsələr də, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik hər iki ölkəni birləşdirən əsas amillərdəndir.

     

    Müəllif: Redaktor, 09:03

İsmarıclar bağlıdır.