Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,232
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Okt

    Bu günlərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ictimaiyyət nümayəndələrilə birlikdə Tərtərin tarix yazan oğullarının hər birinin əziz xatirəsini böyük ehtiramla yad edərək, onların ailələrilə görüşür, qayğı və problemləri ilə maraqlanır. Bu görüşlər zamanı qeyd olunur ki, 44 günlük Vətən müharibəsi günlərində Tərtər düşmən tərəfindən mərmi yağışına tutulsa da, rayon sakinləri böyük dözüm, iradə və milli ruh nümayiş etdiriblər.
    İcra başçısının rəhbərliyi altında rayonda fəaliyyət göstərən qərargah üzvləri sutkanın 24 saatı əzində baş verən bütün hadisələri nəzarətdə saxlayıb, operativ tədbirlərin görülməsini təmin ediblər.
    Həmin qürurlu və eyni zamanda ağrılı günlərdə Tərtər cəbhədən gələn xoş xəbərlərlə bərabər ilk şəhidlərini qarşılayıb. Sentyabr ayında tərtərlilər Elnur Məmmədovu, Qubad Hacıyevi, Xəyal Aslanovu, Ruslan Şahbazovu, Taleh Mə-hərzadəni, Taleh Məmmədovu, Sənan Abbaslını, Rüstəm Hacıyevi, Mirşəmsi Babazadəni, Elməddin Əliyevi, Eşqin Hüseynovu, Ayşad Əzizovu, Anar Hüseynovu doğma torpağa tapşırıblar. Səbuhi Məmmədovun (8 noyabr 2020) Təbriz Cəfərovun (21 aprel 2021) və Ələkbər Ələkbərlinin (fevralın 6 2021), şəhadətə qovuşmaları xəbəri sentyabrda gəlsə də, onlar bir müddətdən sonra ailələrinə təhvil veriliblər. Bu adların hər birinin arxasında əbədi yaşayacaq bir qəhrəmanlıq hekayəsi var.
    …2020-ci ilin oktyabr ayı. Artıq Zəfərin bir addımlığındayıq. Bu Zəfəri bizə igid oğullar canı, qanı bahasına qazandırırdılar. Tərtərdə evlər, məktəblər, uşaq bağçları, digər mühüm obyektlər dağıdılır, mülki insanlar şəhid olur-dular. Buna baxmayaraq, sakinlər arasında ruh yüksəkliyi vardı. Hamı bir arzu ilə yaşayırdı: qələbəmizi addım-addım yaxınlaşdıran hərbçilərimizə arxa-dayaq olub, 30 ildən artıq ölkəmizin, eləcə də Tərtərimizin üzərindəki o qara bu-ludların birdəfəlik dağılmasına kömək etmək. Oktyabrın 1-də Rəşad Mirzəlinin, Mürşüd Əhmədzadənin şəhadətə qovuşması xəbəri gəlib. Baş leytenant, Murovdağ istiqamətində gedən döyüşlərdə şücaətlər göstərmiş Qənbər Qənbərli oktyabrın əvvəlində son telefon danışığında qardaşına “Özündən muğayat ol, Allah amanı”nda demişdi. Oktyabrın 2-də onun adı itkinlər siyahısına düşüb və yalnız uzun axtarışlardan sonra, 22 may 2021-ci il tarixində Qənbər Qənbərli doğma Kəngərli kəndində dəfn edilib. 2020-ci ilin oktyabr ayı bizə digər qəhrəmanlarımızı da tanıtdı. Hər biri bir ailənin övladından xalqın qüruruna, fəxri-nə çevrilən igidləri. Onların adları əbədi olaraq yaddaşlarda, ürəklərdə yaşayacaq.
    Oktyabrin 21-də hərb tariximizin əfsanəsi, polkovnik-leytenant Anar Əliyev şəhidlik zirvəsinə yüksəldi.
    Oktyabrın 23-də qəhrəman kəşfiyyatçının nəşi mühasirədən çıxarılaraq, Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabrda boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndində onunla vida mərasimi ke-çirilmişdir. Son vida mərasimindən bir gün sonra, 25 oktyabr 2020-ci il tarixdə izdihamla Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşi və Azərbaycan Himninin sədaları altında II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
    Polkovnik-leytenant Anar Əliyevə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ən yüksək fəxri ad– “Vətən müharibəsi Qəhrəmanı” adı verilmişdir.
    Noyabr ayında isə Elvin Abbaslı, Cahangir Surxaylı və Elnur Hüseynov əbədi olaraq adlarını tariximizə yazdılar.
    Rayonumzda Vətən müharibəsinin hərbi şəhidlərinin sayı 45, mülki şəhidlər 16 nəfərdir. 48 nəfər Vətən müharibəsi əlili, 1554 nəfər isə bu müharibənin iştirakçısıdır.
    44 gün davam edən müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, qadağan olunmuş 21 “Smerç” raketi atılmışdı. Nəticədə Tərtərdə 82 çox mərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxn mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib. Hətta müharibə zamanı 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. 161 baş iri və 393 baş xırdabuynuzlu heyvan tələf olub. 100 hektarlarla əkin sahəsinə ziyan dəymişdir.
    Artıq müharibədən 6 il ötüb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamları əsasında və rayon rəhbərinin həyata keçirdiyi tədbirlər nəticəsində Tərtər şəhərinə və kəndlə-rimizə dəymiş ziyan aradan qaldırılıb, əvvəlkindən də yaraşıqlı evlər, məktəblər, uşaq bağçaları tikilib. Bu gün qəhrəman Tərtərdə əbədiyaşar şəhidlərimizin adlarını daşıyan onlarla abad küçə var, həmin küçələrə igid oğullarımızın barelyefləri vurulub. Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb. Müharibənin ilk günündən son gününədək rayonumuzda ke-çirilən anım tədbirlərində şəhidlərimizin ailə üzvlərilə bərabər rayon icra hakimiyyəti aparatının əməkdaşları, hüquq-mühafizə orqanlaının nümayəndələri, bütün rayon ictimaiyyəti iştirak edir.
    Bir qəzet məqaləsində şəhidlərimizin hər birinin adını çəkə bilmədik. Hesab edirik ki, buna ehtiyac da yoxdur. Çünki bu adlar əbədi olaraq xalqın qan yaddaşına, hər birimizin qəlbinə yazılıb.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza cansağlığı və uzun ömür arzulayırıq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:11

İsmarıclar bağlıdır.