Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Qarabağ Gənclər və İdman İdarəsi və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər-Ağdərə rayonları üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində 4 yaş qrupu üzrə şagirdlər arasında şahmat idman növü üzrə turnir keçirilmişdir.
Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Qarabağ Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Təhsil İşçiləri Həmkarlar Komitəsi rayon komitəsinin sədri Niyaməddin Aslanov və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Fərəc Rzayev çıxış edərək, Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd ediblər. Bildirilib ki, bu əlamətdar gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsidir. Çıxışçılar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfərdən, 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsindən, Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından və şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulmasının vacibliyindən bəhs ediblər, Tərtər rayonunun sakinlərinin müharibə dövründə göstərdikləri dözüm və dəyanəti dilə gətiriblər.
Sonra yarış iştirakçılarına uğurlar dilənərək, yarış açıq elan edilib. Turnirə 62 nəfər məktəbli qatılıb.
Qaliblər YAP rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif ediliblər.

