Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,219
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05Okt

    Milli qurtuluşa gedən yolun başlanğıcı.1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu;

    Vətənə sədaqətli xidmət nümunəsi.Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb;

    Ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edən dövlət adamı.Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”;

    Müstəqilliyimizin ağrılı və əzablı mərhələsi.Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar;

    Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması.Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

    Dahi şəxsiyyətin xilaskarlıq missiyası

    – 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır.

    Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi;

    – Yeganə çıxış yolu. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi;

    Müstəqilliyin qorunması. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi;

    Həyatını təhlükə altına qoymuş Ümummilli Lider. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı;

    Millətin məhəbbətini qazanmış Ulu Öndər. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

    Ümummilli liderin dəyişməz siyasi kursu. Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır;

    Ulu Öndər Heydər Əliyev və dövlətçilik siyasəti (sitatlar)

    – “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” – Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışından (21 sentyabr 1993-cü il);

    – “…Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir.” – Bakı şəhərinin təhsil işçiləri ilə görüşündən (31 avqust 1994-cü il);

    – “Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq.” – Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (Şəhriyar adına Mədəniyyət Mərkəzi, 16 dekabr 1996-cı il);

    – “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.” – Azərbaycan Prezidentinə “9 Eylül” Universitetinin fəxri doktoru adı verilməsi mərasimində nitqindən (İzmir, 7 may 1997-ci il);

    – “Bizim, Azərbaycan dövlətinin çox gözəl gələcəyi var. Biz bu gələcəyi müstəqillik yolunda görürük. Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir.” – “Fatih” Universitetinin fəxri doktoru adı verilməsi mərasimində nitqindən (İstanbul, 8 may 1997-ci il);

    – “Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətindən daha da çoxdur.” – Amerikanın “Hyüston Xronikal” qəzetinə müsahibəsindən (Hyüston, 2 avqust 1997-ci il);

    – “Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.” – Dövlət müstəqilliyi günü münasibətilə Azərbaycan xalqına təbrikindən (17 oktyabr 1997-ci il);

    – “Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq” – Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə andiçmə mərasimində nitqindən (18 oktyabr 1998-ci il);

    – “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir” – Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə andiçmə mərasimində nitqindən (18 oktyabr 1998-ci il);

    – “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.” – Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (21 noyabr 1998-ci il);

    – “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.” – Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (21 noyabr 1998-ci il);

    – “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də – demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik.” – Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilən Birləşmiş Millətlər Təşkilatının ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (10 dekabr 1998-ci il);

    – “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” – Respublikanın təhsil işçiləri və 1999-cu ildə ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə nitqindən (31 avqust 1999-cu il);

    – “Azərbaycan dünyəvi dövlətdir, öz milli ənənələri ilə bərabər, ümumbəşəri dəyərləri də qəbul edir və onlardan istifadə edir.” – ATƏT-in İstanbulda keçirilən zirvə görüşünün yekunlarına həsr olunmuş toplantıda yekun nitqindən (24 noyabr 1999-cu il);

    – “Dövlətin vəzifəsi ölkədə qanunun aliliyini təmin etməkdir, insanların hüquq bərabərliyini təmin etməkdir, insanların azadlığını təmin etməkdir. Vətəndaşın da vəzifəsi bütün hərəkətləri, bütün fəaliyyəti, işləri qanun çərçivəsində görməkdir.” – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən iclasında nitqindən (6 may 2000-ci il);

    – “Demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir, bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur.” – 12 noyabr Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrikindən (11 noyabr 2000-ci il);

    – “Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir.” – Gəncə şəhəri sakinləri qarşısında nitqindən (24 may 2000-ci il);

    – “Demokratiyanın hüdudları genişdir. Odur ki, o, hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir.” – Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən (29 dekabr 2000-ci il);

    – “Mən tam əminəm ki, Azərbaycan xalqı bu böyük yol ilə – müstəqillik yolu ilə, demokratiya yolu ilə, insan azadlıqları yolu ilə, bazar iqtisadiyyatı yolu ilə sürətlə irəliləyəcəkdir. Bütün bunlar üçün sülh lazımdır. Sülh, əmin-amanlıq üçün ölkədə sülh lazımdır, bölgədə sülh lazımdır, cahanda sülh lazımdır.” – Amerika Birləşmiş Ştatlarının milli bayramı – İstiqlaliyyət günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (4 iyul 2001-ci il);

    – “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” – Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində – təntənəli mərasimdə nitqindən (17 oktyabr 2001);

    – “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.” – Dünya Azərbaycanlılarının I qurultayında nitqindən (10 noyabr 2001-ci il).

     

    Müəllif: Redaktor, 08:49

İsmarıclar bağlıdır.