27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndindən olan şəhid Baxışlı Baxış Elşən oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.
İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib. 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

