27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndindən olan Vətən müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.
İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, Ağayev İntiqam Hüseyn oğlu 01 mart 1998-ci ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 08 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
İntiqam Ağayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunması görə” və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

