Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,205
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23Sen

    27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Evoğlu kəndindən olan şəhid Əhmədzadə Məftun Seymur oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.

    İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

    Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 2 fevral 1996-cı ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub.

    O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində 18 ay sıravi əsgər kimi xidmət etdikdən sonra “Müddətdən artıq həqiqi hərbi xidmət” kurslarını bitirib və xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirib.

    2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat nəticəsində dövlət sərhədində toqquşmalar başlayıb. Quru Qoşunlarının hərbçisi kimi döyüşlərə qatılan Məftun Əhmədzadə 13 sentyabr 2022-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

    Şəhidin nəşi 16 sentyabr 2022-ci ildə doğulduğu Tərtər rayonunun Evoğlu kəndinə gətirilərək orada dəfn edilib.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:01

İsmarıclar bağlıdır.