Tərtər rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları birlikdə Üzeyir Hacıbəyova həsr olunmuş videoçarxa baxıblar.
Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Fərid Hacıyev məruzə ilə çıxış edib. O, Milli Musiqi Gününün əhəmiyyətindən, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi sənətinin dünya miqyasında tanıdılmasında böyük rol oynayıb. Onun zəngin yaradıcılıq irsi bu gün də milli musiqi mədəniyyətimizin inkişafına mühüm töhfə verir.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektotunun baş məsləhətçisi Svetlana Əzizova, Tərtər rayon Uşaq Musiqi məktəbinin direktoru Mahir Qədimov, şəhər musiqi məktəbinin müəllimi Kərrar Bayramov milli musiqi və dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyov haqqında danışıblar. Çıxışlarda dahi bəstəkarın əsərlərinin gənc nəslin musiqi zövqünün formalaşmasında və milli-mənəvi dəyərlərin təbliğində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirin sonunda Üzeyir Hacıbəylinin ölməz əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında səsləndirilən əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

