
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik şuraları katiblərinin 5-ci iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarını qəbul edərək görüşdə geniş, proqram xarakterli və məzmunlu nitq söyləyib. Dövlətimizin başçısı öz çıxışında TDT-nin beynəlxalq məkandakı artan nüfuzu, regional təhlükəsizlik, enerji və nəqliyyat koridorları, milli-mənəvi dəyərlər, gənclər siyasəti, eləcə də müasir dövrdə ideoloji təhdidlərə qarşı birgə mübarizə kimi strateji məsələlərə ətraflı diqqət çəkib.
Dövlət başçısı təşkilatın 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra ötən dövr ərzində böyük inkişaf yolu qət etdiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, TDT mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, eləcə də beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Ölkələrimizin böyük coğrafi məkanı əhatə etdiyini, mühüm nəqliyyat və enerji dəhlizlərinin üzərində yerləşdiyini bildirən Prezident İlham Əliyev TDT-nin yalnız öz regionu üçün deyil, daha geniş coğrafiya üçün müsbət rol oynayan və qlobal gündəliyə təsir edən güclü beynəlxalq təşkilata çevrildiyini diqqətə çatdırıb.
Çıxışda “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” prinsipinin Azərbaycanın xarici siyasətinin əsas prioritetini təşkil etdiyi bir daha ifadə olunub. Ölkəmizin Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzaladığı, birgə investisiya fondlarının yaradıldığı, ticarət və iqtisadi dövriyyənin fəal şəkildə artdığı bildirilib. İkitərəfli formatda həyata keçirilən yüksək səviyyəli səfərlər və strateji müqavilələr TDT daxilindəki ümumi birliyin daha da möhkəmlənməsinə xidmət edir.
Görüşdə enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının strateji önəmi geniş təhlil olunub. Vurğulanıb ki, müasir dövrdə enerji təhlükəsizliyi və nəqliyyat koridorları olmadan ümumi regional təhlükəsizlikdən danışmaq mümkün deyildir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan Mərkəzi Asiya resurslarının beynəlxalq bazarlara tranzitində, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında açar rol oynayır. Eyni zamanda, dünyada və sərhədlərimiz boyunca davam edən münaqişələr fonunda TDT məkanında hökm sürən sülh, sabitlik, iqtisadi artım və müsbət demoqrafik dinamika dövlətlərimizin yürütdüyü uğurlu siyasətin böyük nailiyyətidir. Bu sabitliyi qorumaq üçün dövlət təhlükəsizliyinə cavabdeh qurumlar arasında operativ məlumat mübadiləsi, birgə fəaliyyət və profilaktik koordinasiyanın gücləndirilməsi həyati əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev fiziki təhdidlərlə yanaşı, ideoloji təxribatlara karşı da birgə mübarizənin vacibliyini ifadə edib. Xaricdəki məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları və yad narrativlər vasitəsilə dövlət quruluşunu sarsıtmaq, ictimai həmrəyliyi pozmaq cəhdlərinə qarşı gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə olunmasının önəmi qeyd edilib. Dövlət başçısı TDT çərçivəsində gənclər təşkilatlarının fəal əməkdaşlığının, müntəzəm forum və konfransların keçirilməsinin gənc vətəndaşlarımızın bir-birinə qardaşlıq ruhunda bağlanması üçün zəruri olduğunu bildirib.
Xalqlarımızın ortaq etnik köklərə, oxşar mədəniyyət və dillərə malik olmasını təşkilatın en böyük üstünlüyü kimi dəyərləndirən Prezident İlham Əliyev ikitərəfli mənəvi bağlılıqlara da toxunub. Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələrinin ucaldılması, Qazaxıstan tərəfindən Füzuli şəhərində Kurmanqazı adına İncəsənət Mərkəzinin tikilməsi və Qarabağın bərpasına verilən dəstək, eləcə də Türkiyə ilə imzalanan tarixi Şuşa Bəyannaməsi sarsılmaz mənəvi və strateji birliyin bariz rəmzləri kimi göstərilib.
Çıxışın sonunda dövlətimizin başçısı beynəlxalq hüquq mexanizmlərinin iflic vəziyyətinə düşməsinə və dünyada hökm sürən ikili standartlara diqqət çəkib. Azərbaycanın 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalması ilə üzləşdiyini və öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etdiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, TDT birgə səylərlə öz potensialını elə bir səviyyəyə qaldırmalıdır ki, beynəlxalq məkanda yalnız öz mövqeyini bəyan etməklə kifayətlənməsin, həm də onu qətiyyətlə müdafiə edə bilsin.

