Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir.
Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Bu barədə Prezident İlham Əliyev deyib: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əmin idik və inanırdıq ki, bu gün gələcək.
İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır” .
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.
“Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.
Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.
Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.” – deyə Prezident İlham Əliyev çıxışında bildirib.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.
2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.
2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi.
Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izləmişdir. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.
–İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır:
Xankəndi: 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşıb;
Xocalı: Xocalı şəhərində 144 ailə, 651 nəfər, Ballıca kəndində 246 ailə, 1088 nəfər, Xanyurdu kəndində 140 ailə, 510 nəfər, Təzəbinə kəndində 180 ailə, 824 nəfər, Şuşakənd kəndində 116 ailə, 436 nəfər, Badara kəndində 109 ailə, 411 nəfər, Seyidbəyli kəndində 77 ailə, 282 nəfər, Daşbulaq kəndində 44 ailə, 169 nəfər, Xanabad kəndində 111 ailə, 470 nəfər olmaqla cəmi 1.167 ailə, 4.841 nəfər məskunlaşıb;
Xocavənd: Xocavənd şəhərində 413 ailə, 1.614 nəfər, Xocavənd kəndində 78 ailə, 319 nəfər, Xanoba kəndində 39 ailə, 177 nəfər, Qırmızı Bazar qəsəbəsində 213 ailə, 909 nəfər, Sos kəndində 85 ailə, 360 nəfər, Güneyxırman kəndində 39 ailə, 175 nəfər, Quzeyxırman kəndində 39 ailə, 169 nəfər, Hadrut qəsəbəsində 82 ailə, 347 nəfər olmaqla cəmi 988 ailə, 4.070 nəfər məskunlaşıb;
Ağdərə: Talış kəndində 20 ailə, 90 nəfər, Həsənriz kəndində 292 ailə, 1.150 nəfər, Suqovuşan kəndində 180 ailə, 592 nəfər, Kolatağ kəndində 36 ailə, 139 nəfər, Vəngli kəndində 151 ailə, 602 nəfər, Heyvalı kəndində 46 ailə, 205 nəfər, Çapar kəndində 40 ailə, 143 nəfər, Aşağı Oratağ kəndində 111 ailə, 501 nəfər, Çıldıran kəndində 41 ailə, 165 nəfər olmaqla cəmi 917 ailə, 3.587 nəfər məskunlaşıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Xankəndinə 16 dəfə səfər etmişdi.
Bu səfərlərin hər biri çox mühüm tarixi hadisələrlə yadda qalıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Xocavəndə 11 dəfə səfər edib.
Bu səfərlər tarixə möhtəşəm təməlqoyma mərasimləri və açılışlarla xalqın yaddaşında qalıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Xocalıya 13 dəfə səfər edib.
Bu səfərlərin hər biri yaralı Xocalının və xocalıların qəlbinə məlhəm olub.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Ağdərəyə 4 dəfə səfər edib.
Həmin səfərlərin nəticəsi olaraq Ağdərə rayonu dağıntılar içindən dirçələrək, doğma sakinlərinə qucaq açır.

