Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,172
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Sen

    Sentyabrın 15-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və şəhid ailələri ilə birlikdə “Bilik Günü” münasibətilə Tərtər şəhər 2 nömrəli məktəb-liseydə, 1, 3, 5, 6 nömrəli və Dəmirçilər kənd tam orta ümumtəhsil məktəblərində olublar.

    Yeni dərs ilinin başlanması münasibətilə keçirilən təntənəli tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirlərdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni tədris ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib, onlara yeni dərs ilində böyük müvəffəqiyyətlər arzulayıb.

    İcra başçısı öz çıxışında ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən layihələrdən geniş söz açaraq bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin və Heydər Əliyev Fondunun misilsiz qayğısı sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi, Tərtər rayonunda da modern məktəb binaları, uşaq bağçaları tikilib istifadəyə verilir, təhsil müəssisələrinin maddi-texniki bazası müasir standartlar səviyyəsində möhkəmləndirilir. Təkcə son illər rayonumuzda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 432 şagird yerlik Xoruzlu kənd tam otra məktəb, Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd tam orta məktəb, Təhsil Nazirliyi tərəfindən isə 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəb, Qazyan, Bəyimsarov kənd körpələr evi-uşaq bağçaları üçün yeni binalar tikilib istifadəyə verilib, Kəngərli və Hüsənli kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub. Bu il isə Heydər Əliyev Fondu tərəfindən şəhər 3 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunub.

    Məzunların əldə etdiyi uğurlardan bəhs edən rayon rəhbəri qeyd edib ki, ötən tədris ilində rayon üzrə XI sinfi bitirən 789 məzundan 427 nəfəri ali məktəblərə sənəd verib və onların 276 nəfəri tələbə adını qazanıb. Bu, əvvəlki tədris ili ilə müqayisədə ciddi artım deməkdir. Məzunlardan 28 nəfəri 500-dən yuxarı bal toplayıb, onlardan 9 nəfəri isə 600-dən yüksək nəticə göstərib. Həmçinin 7 məzunumuz xüsusi təyinatlı ali təhsil müəssisələrinə — 4 nəfəri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutuna, 1 nəfər Dövlət Sərhəd Xidmətinə, 1 nəfər Heydər Əliyev adına Hərbi Liseyə, 1 nəfər isə Türkiyənin Ərzurum Atatürk Universitetinə qəbul olaraq rayonumuzun adını ucaldıblar. Rayon rəhbəri qeyd edib ki, bu il rayon üzrə birinci sinfə 857 nəfər şagird qəbul olub.

    Tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu il ilk dəfə məktəb qapısından içəri qədəm qoyan şəhidlərimizin övladları ilə xüsusi olaraq görüşüb. Rayon rəhbəri şəhər 2 nömrəli məktəb-liseydə şəhid Yaqub Qəhrəmanlının oğlu Yusif Qəhrəmanlı, 5 nömrəli tam orta məktəbdə mülki şəhid Tükəzban Mirzəliyevanın qızı Gülçin İsmayılzadə, Dəmirçilər kənd tam orta məktəbində isə şəhid Şamil İsmayıllının qızları Nərgiz və Səma İsmayıllılar ilə söhbət edib, onları birinci sinfə qədəm qoymaları münasibətilə samimi qəlbdən təbrik edib. Şəhid övladlarının dövlətimizə və xalqımıza əmanət olduğunu vurğulayan icra başçısı bildirib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının təhsili, tərbiyəsi və gələcəyi hər zaman dövlətimizin ali diqqət mərkəzindədir.

    Sonda ibtidai sinif şagirdləri Vətənə, anaya, məktəbə, müəllimə aid şeirlər deyiblər.

     

    Müəllif: Redaktor, 08:34

İsmarıclar bağlıdır.