Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,163
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Sen

    Yaqubov Fəqan

    Misir oğlu1973-cü il iyun ayının 7-də Tərtər rayonunun Sarıcalı inzibati ərazi vahidinin Sarıcalı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra Bərdə rayonunda 105 saylı Texniki Peşə Məktəbində sürücülük ixtisasını öyrənmişdir. 1991-ci il iyun ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdı. SSRİ dağıldıqdan sonra doğma vətənə qayıtmış və 1992-ci ilin əvvəllərindən hərbi xidmətini davam etdirmək üçün könüllü surətdə “Tərtər özünümüdafiə batalyonu”na daxil olur. Bu batalyonun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda Ağdərə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 1992-ci il avqust ayının 7-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür.
    Subay idi. Valideynləri rəhmətə gedib.

    Təmrazov Murad Saməddin oğlu

    1 iyul 1961-ci ildə Tərtər rayonunun Borsunlu kəndində doğulub. Orta məktəbi 1976-ci ildə həmin kənddə bitirib. 1977-ci ildə hərbi xidmətə çağırılıb. 1979-cu ildə Rusiyada aviasiya polkunda həqiqi hərbi xidmətini başa vurub. Qayıtdıqdan sonra Mingəçevir şəhərində yaşayıb, işləyib.
    Bibisi oğlu Talıstan Axundov erməni vəhşiliyindən şəhid olduqdan sonra Murad dözməyərək 1992-ci ilin fevralından Mingəçevir Özünümüdafiə batalyonuna yazılıb. Batalyon Marquşevanda yerləşirdi. Ağdərə istiqamətində gedən döyüşlərdə ermənilərə qarşı vuruşub, 1993-cü ilin iyul ayının 23-də döyüş yoldaşlarının nəşini çıxararkən mühasirəyə düşərək şəhid olub, 25 iyulda ailəsinə xəbər verilib. Nəşi götürülməyib.
    Ailəlidir. 2 oğlu qalıb, Şahin və Tural. Muradgil özləri 3 qardaş, 4 bacı olublar. Hazırda anası Zərifə oğlu Müşfiqlə birlikdə Borsunluda, Muradın oğlanları isə Mingəçevir şəhərində yaşayırlar.
    Son zamanlarda şəhid Murad Təmrazovun adı əbədiləşdirilərək Mingəçevir şəhərində bulaq istifadəyə verilib.

    Abbasov Azad Süleyman oğlu

    19 sentyabr 1974-cü ildə İmarət Qərvənd kəndində doğulub. 1991-ci ildə həmin kənddə orta məktəbi bitirib. Erməni faşizminin xəyanətlərinə dözməyən Azad könüllü olaraq hərbi xidmətə yollanır. Özünümüdafiə batalyonunda doğma kəndlərin müdafiəsinə qoşulur. Ağdərə, Çıldıran, Umudlu, Qozlu körpü istiqamətində döyüşüb.
    Azad Abbasov 24 avqust 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə tankın üstündə pulemyotla vurulub. Nəşini götürmək mümkün olmayıb. Ailənin 5 övladından biri olan Azad subay idi.
    Ailəsi o zaman Bərdə rayonunun Mustafaağalı kəndində məskunlaşıb. Atası Abbasov Süleyman Xanlar oğlu 1995-ci ildə dözməyərək rəhmətə gedib. Hazırda anası Əntiqə, qardaşları Sarvan, Qurban, Vazeh və bacısı Xavər Bərdə rayonunun Mustafaağalı kəndində yaşayırlar. Çardaxlı kənd ərazi nümayəndəliyində qeydiyyatdadırlar.

    Ələkbərov Vüqar Musa oğlu

    1969-cu il noyabr ayının 20-də Tərtər şəhərində anadan olmuşdur. Orta təhsilini şəhər 6 saylı orta məktəbində aldıqdan sonra Bərdə rayonu 105 saylı Texniki Peşə Məktəbində sürücülük ixtisasını öyrənmişdi. 1988-1990-cı illərdə keçmiş Sovet Ordusunun Kuba Respublikasında yerləşmiş hərbi hissəsində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 15 saylı Tikinti İdarəsində fəhlə işləmişdir. 1992-ci il noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmişdir. Əvvəl 123 saylı, sonradan isə 701 saylı hərbi hissələrin tərkibində Laçın və Kəlbəcər bölgələrində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il aprel ayının 3-də Kəlbəcər bölgəsində gedən döyüşdə itkin düşmüşdür.
    Subay idi. Valideynləri rəhmətə gedib.

    Müəllif: Redaktor, 10:52

İsmarıclar bağlıdır.