Kiçik xoşbəxtliklər, böyük arzular
İstəklər, arzular və məqsədlər həyatımızın böyük bir parçasıdır. Hər birimizin gələcəklə bağlı xəyalları, çatmaq istədiyi məqsədləri və həyata keçirmək istədiyi arzuları var. Əslində, bu arzuların təməli hələ uşaqlıqdan qoyulur.
Uşaq vaxtı istəklərimiz çox kiçik olur. Bəzən bir oyuncaq, sevdiyimiz bir şirniyyat və ya sadəcə istədiyimiz bir yerə getmək bizi xoşbəxt etməyə kifayət edir. İllər keçdikcə böyüyür, arzularımız və məqsədlərimiz də dəyişir. Bir zamanlar bizi sevindirən kiçik şeylərə baxıb düşünürük: “Görəsən, necə olurdu ki, biz bunlardan bu qədər xoşbəxt olurdıq?”
Əslində isə böyüdükcə itirməməli olduğumuz ən gözəl xüsusiyyətlərdən biri məhz kiçik şeylərdən xoşbəxt ola bilməkdir. Çünki həyat yalnız böyük uğurlardan və böyük arzuların reallaşmasından ibarət deyil. Bəzən bir səmimi söz, sevdiyimiz insanla söhbət, gözəl bir səhər, sakit bir axşam və ya üzümüzdə yaranan kiçik bir təbəssüm belə günümüzü gözəlləşdirə bilər.
Bu, böyüdükcə məqsədlərimizin də kiçik qalması demək deyil. Əksinə, insan daim öz üzərində çalışmalı, qarşısına daha böyük məq-sədlər qoymalı və inkişaf etməyə davam etməlidir. Ancaq böyük məqsədlərə doğru gedərkən sahib olduğumuz kiçik xoşbəxtlikləri də görməyi bacarmalıyıq.
Düzdür, həyatda hər şey istədiyimiz kimi olmur. Bütün arzularımızın reallaşacağına və məqsədlərimizə çatmağın həmişə asan olacağına heç kim zəmanət verə bilməz. Bəzən uğursuz olacağıq, üzüləcəyik, hətta “Niyə belə oldu?” deyə düşünəcəyik. Bəzən yolumuz düşündüyümüzdən daha uzun və çətin olacaq.
Amma belə anlarda ümidimizi itirməməliyik. Əldə etdiklərimizin qədrini bilməli, sahib olduqlarımıza şükür etməli və məqsədlərimizə çatmaq üçün əzmlə çalışmağa davam etməliyik. Çünki insanı uğura aparan yalnız arzu deyil, həmin arzu uğrunda göstərdiyi səbir və əzmdir.
Həyatımızda qarşımıza çıxan hər kəs bizim keçirdiyimiz hissləri eyni şəkildə yaşamaq məcburiyyətində deyil. Buna görə də sevin-cimizi də, üzüntümüzü də düzgün idarə etməyi öyrənməliyik. Problemlərimizi həll etmək üçün gücümüzü öz daxilimizdə tapmağı ba-carmalıyıq. Bu, hisslərimizi gizlətmək deyil, çətinliklər qarşısında özümüzü itirməməkdir.
Həyatın həm asan, həm də çətin tərəfləri var. Əsas məsələ çətin anların heç vaxt bitməyəcəyini düşünməməkdir. Çünki ən ağır günlərin də sonu gəlir. Sadəcə həmin anlarda güclü qalmaq, təslim olmamaq və yenidən ayağa qalxmaq lazımdır.
Bəlkə də həyatın ən böyük sirri budur: böyük arzularımızın arxasınca gedərkən kiçik xoşbəxtlikləri unutmayaq. Çünki insan yalnız məqsədinə çatanda deyil, o məqsədə gedən yolda da xoşbəxt olmağı bacarmalıdır.
Ona görə də həyatın çətin anlarında belə gülümsəməyi unutmayaq. Bəzən kiçik bir təbəssüm insanın özünə də, qarşısındakına da böyük ümid verə bilər.
Unutmayaq: böyük arzular bizi gələcəyə aparır, kiçik xoşbəxtliklər isə həmin yolda həyatımızı gözəlləşdirir.
Əfşanə Əlizadə
Redaktordan: Bu günlərdə ötən tədris ilinə yekun vurulur. Bəzi məzunlar yüksək nəticə göstərərək, ölkəmizin ən nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanıblar. Bəziləri isə arzularına çata bilməyərək məyus olublar. Bu baxımdan gənc jurnalist Əfşanə Əlizadənin gənclərə tövsiyəsi çox maraqlıdır. Həyat enişli-yoxuşludur. İlk uğursuzluq insanı ruhdan salmamalı, əksinə, daha əzmlə çalışmağa ruhlandırmalıdır.

