Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayon icra hakimiyyətində bu il birinci sinfə gedən şəhid övladları ilə görüşüb.
Görüşdə çıxış edən rayon rəhbəri məktəb həyatının başlanğıcında olan birinciləri və onların valideynlərini təbrik edib, Vətənə sadiq vətəndaş olmağı arzulayıb.
Sonra dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.
Ölkəmizdə təhsil sahəsində qazanılan uğurlardan da danışan rayon rəhbəri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan təhsil siyasəti respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahənin inkişafı üçün öz töhfəsini verir. Təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov ilk dəfə məktəbə qədəm basan şəhid övladlarını ürəkdən təbrik edib, onlara ən xoş arzularını bildiriblər.
Qeyd edək ki, bu il 44 günlük Vətən müharibəsinin şəhidləri Elvin Abbasovun qızı Sevil Abbasova, Şamil İsmayıllının qızları Nərgiz və Səma İsmayıllılar, Yaqub Qəhrəmanlının oğlu Yusif Qəhrəmanlı, Azər Qasımovun qızı Gülay Qasımzadə, Allahverdi Səfiyevin oğlu Ömər Səfiyev və qızı Məryəm Səfiyeva, Şahin İbrahimovun qızı Nuray İbrahimli və mülki şəhid Tükəzban Mirzəliyevanın qızı Gülçin İbrahimzadə birinci sinfə gedəcəklər.
Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən birinci sinfə gedən şəhid övladlarına məktəbli ləvazimatları təqdim olunub.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

